“Onlar Azərbaycana gəlişimi geriyə addım hesab edirlər, ancaq…” – Ramil Şeydayevlə müsahibə
“Sabah”ın yeni transferi və Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin Komanda.az saytına müsahibəsi:
- “Sabah”a keçidində əsas rol oynayan amil nə idi?
- Klubun özü və rəhbərlik keçidimdə əsas rol oynadı.
- Müqavilən 6 aylıqdır. “Sabah” mövsümün sonunda Avropa Liqasına vəsiqə qazansa, qərarın necə olacaq?
- Mövsümün sonunda nə olacağını bilmirəm. Əsas məqsədim komandaya kömək etmək və Avropaya getməkdir.
- Moskva “Dinamo”sunda olarkən Azərbaycan çempionatıyla maraqlanırdınmı?
- Bəli, maraqlanırdım, ancaq oyunları izləmirdim. Sadəcə, nəticələrə baxırdım.
- Səncə, nə üçün futbol adamları sənin Azərbaycana gəlişini düzgün hesab etmirlər?
- Onlar Azərbaycana gəlişimi geriyə addım hesab edirlər, ancaq sonda necə olacağını görəcəyik.
- Artıq “Sabah”la ilk oyununa çıxdın. Meydana azarkeşlərin alqışları ilə daxil oldun. Atmosfer necə təsir bağışladı?
- Sadəcə, beş dəqiqə oynadım. Nəsə hiss etməyim üçün vaxtım çox olmadı. Ancaq azarkeşlər tərəfindən alqışlanmaq xoş oldu.
- Baş məşqçi Jelko Sopiçlə söhbətiniz olubmu?
- Xeyr, hələ danışmamışam.
- Növbəti turda keçmiş komandan olan “Qarabağ”la oynayacaqsız. Səncə, bu matçda xal qazanmaq şansınız nə qədərdir?
- Hər zaman bir şans olur. Diqqətli olub, səylə çalışmalıyıq. Bunu bacara bilərik.
- Sopiç “yaxşı çalışana şans verirəm” deyərək, “Sabah”da olan bir çox milli üzvünü ehtiyatda saxlayır. Hücumçu mövqeyində çıxış edən Marko Deviç, Xulio Sezarla rəqabət apara biləcəksənmi?
- Rəqabət hər zaman yaxşıdır. Məşqlərdə çox çalışıram və çalışmağa davam edəcəm.
- Yığmanın baş məşqçi postuna Rəşad Sadıqovun gəlməsini istədiyini demişdin. Səncə, Rəşad milli komandaya gəlsə, uğur qazana bilərmi?
- Bəli, düşünürəm ki, Rəşadın gəlişi uğurlu ola bilər. Bunu düşünməsəydim, onun milli komandaya rəhbərlik etməsini istəməzdim. Rəşadın milli komandayla uğur qazanmaq üçün yaxşı şansı var.
- Karyeranı hansı çempionatda davam etdirmək istərdin?
- Avropanın “böyük beşlik” çempionatlarında iştirak etmək istərdim.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin