“Renduliçə öz oyun sistemini tətbiq etmək üçün vaxt lazımdır” – MÜSAHİBƏ
“Sabah”ın serbiyalı müdafiəçisi Boyan Letiçin Komanda.az saytına müsahibəsi:
- Komandanız son iki oyunda uduzur. Nə baş verir?
- Əlbəttə, ardıcıl iki matçda məğlub olmağımız xoş deyil. Yeni məşqçinin gəlişi ilə oyun sistemində dəyişiklik oldu. Buna uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. İnanıram ki, tezliklə müsbət nəticələrlə azarkeşlərimizi sevindirəcəyik.
- Bildiyimizə görə “Sabah”la müqaviləniz bu mövsümün sonunda başa çatacaq. Klubla yeni müqavilə ilə bağlı hansısa danışıqlar olubmu? Ümumiyyətlə, özünüz “Sabah”da qalmaq istəyirsinizmi?
- Sadəcə onu deyə bilərəm ki, burada oynamaq, “Sabah”ın üzvü olmaq mənim üçün xoşdur. İndi yalnız komandanın uğurları, növbəti matçlar barədə düşünürəm.
- Rəhbərlik bu mövsüm qarşınıza hansı hədəfləri qoyub?
- Mənim əsas hədəfim və istəyim “Sabah”la yenidən avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, buna nail olacağıq.
- Hazırda turnir cədvəlində 4-cü yerdəki “Sumqayıt”dan üç xal geri qalırsız. Avrokuboklara vəsiqə qazanmamaq sizin üçün böyük uğursuzluq sayılarmı?
- Əlbəttə, mən də məhz belə düşünürəm.
- Yeni baş məşqçiniz Krunoslav Renduliçin oyun sisteminə uyğunlaşmaq çətin deyil?
- İki il tətbiq edilən oyun sistemindən fərqli sistemə keçid o qədər də asan deyil. Buna görə, məncə, Renduliçə öz oyun sistemini tətbiq etmək üçün vaxt lazımdır. İnanıram ki, onunla birlikdə yaxşı nəticələrə imza atacağıq.
- Deyə bilərsiz Renduliçin əvvəlki baş məşqçiniz Murad Musayevlə əsas fərqi nədir?
- Məşqçiləri müqayisə etmək istəməzdim. Hər mütəxəssisin öz baxışı, öz üslubu var.
- Artıq iki ildir ki, Azərbaycandasız. Azərbaycan futboluyla bağlı düşüncələriniz maraqlı olar.
- Azərbaycan futbolu haqqında müsbət fikirdəyəm. Keyfiyyətli oyunçular çoxdur, infrastruktur və məşq şəraiti yaxşıdır, futbola çox sərmayə qoyulur və ümid edirəm ki, daha da yaxşılaşacaq.
- Son vaxtlar hakimlik çox tənqid və müzakirə olunur. Siz də azərbaycanlı hakimlərin işindən narazısız?
- Tam razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bəzi oyunlarımızda idarəçilik heç də yaxşı olmamışdı.
- Bu mövsüm keçirdiyiniz oyunlardan hansı daha çox yadınızda qalıb?
- Bir çox oyunu fərqləndirə bilərəm. Amma daha çox avrokubok oyunlarımızı və “Neftçi”yə son dəqiqə qoluyla qalib gəldiyimiz oyunu qeyd edə biərəm.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin