“Sabah”ın U-19 komandasının baş məşqçisi “Bazel”ə məğlubiyyət haqda danışdı
“Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, UEFA Gənclər Liqasında “Bazel”ə 0:6 hesabı ilə uduzduqları ilk oyunu dəyərləndirub:
“Bazel” kimi rəqiblərlə qarşılaşmalar gənc futbolçular üçün bir təcrübədir. UEFA Gənclər Liqasında mübarizəyə birbaşa 2-ci mərhələdən başladıq. İlk sınağımızda Avropanın ən yaxşı akademiyalarından birinə malik olan “Bazel”lə qarşılaşdıq. Bu komanda ötən mövsüm Zaqreb “Dinamo”sunu məğlub etmişdi. Həmin oyunda hazırda heyətdə olan bir çox futbolçu şans qazanmışdı. Rəqibin bu cür qarşılaşmalar üçün çox böyük təcrübəsi var. Oyunu fərqli atmosferdə, “Bazel”in əsas stadionunda, 2600 tamaşaçı önündə keçirdik”.
O, belə qarşılaşmalarda mümkün qədər az səhvlərə yol verilməli olduğunu vurğulayıb:
“Belə matçlarda yaxşı nəticə qazanmaq üçün mümkün qədər fərdi səhvlərə az yol verməlisən. Təəssüf ki, 6-cı dəqiqədə bu cür səhvlərdən birini etdik ki, bu da qarşılaşmanın sonrakı axarına təsir etdi. Azərbaycan və Avropa futbolu arasında əsas fərq də məhz səhvlərin rəqiblər tərəfindən dəyərləndirilmə faizi ilə bağlıdır. Belə matçlarda rəqib sənin hər səhvini dəyərləndirirsə, Azərbaycanda bu nisbət daha aşağı olur. Gənc oyunçular üçün bu cür qarşılaşmalar bir təcrübədir. “Bazel” kimi rəqiblərlə matçlara köklənmək üçün bu keyfiyyətdə ən azı 5 oyun keçirməlisən. Bu, gənclərin belə mötəbər turnirlərdə ilk təcrübəsi idi. Fikrimcə, səhvlərdən nəticə çıxarmalı və gənclərə dəstək olmalıyıq”.
Komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq cavab qarşılaşması saat 18:00-da başlayacaq.
Bizi Facebook-da izləyin