“Zirə”nin heyəti çox mükəmməldir” – MÜSAHİBƏ

Azərbaycan millisinin və “Səbail”in sabiq baş məşqçisi Şahin Diniyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Şahin bəy, başa çatan mövsümü necə dəyərləndirirsiz?

– Son mövsümdə düşünürəm ki, təəccüblü bir şey olmadı. Əvvəldən də görünən o idi ki, “Qarabağ” heyət baxımından, hər cəhətdən üstün idi, digər doqquz komandanın hər birini qabaqlayırdı. Və sona bir neçə tur qalmış artıq çempionluğunu qeyd elədi.

Bu mövsüm “Zirə” yaxşı futbol oynadı. Həm nəticə qazandı, həm də yaxşı çıxışla yadda qaldı, maraqlı futbol nümayiş etdirdi. Düşünürəm ki, göstərdiyi oyuna layiq yer tutdu.

“Araz-Naxçıvan”ın üçuncü pilləni tutması bir az təəccüblü oldu. Həmin mövqedə “Neftçi”ni, “Sabah”ı görmək olardı. Ancaq bunlar baş vermədi. “Turan Tovuz” da bu gün irəli bir addım atdı. “Sabah”la “Neftçi”nin ilk dördlükdə olmaması… “Sabah”, belə deyim, bunu kubokun qalibi olmaqla kompensasiya etdisə, Avropa Liqasına kubok yolu ilə getdisə, Tovuz komandası çox heyif ki, dördüncü yeri tutmasına baxmayaraq, bu mübarizədən kənarda qaldı.

Digər pillələri tutan komandalar isə düşünürəm ki, layiq olduğu yerlərdə qərarlaşdılar. Və düşünürəm ki, böyük ölçüdə hansısa sürprizlər olmadı. “Neftçi” və “Sabah”ın ilk dördlüyə düşməməsini kiçik sürprizlər saymaq olar. “Neftçi”nin avrokuboklardan kənar qalması və “Araz-Naxçıvan”ın yuxarı pillələrdə qərarlaşması istisna olmaqla, qalanlar təbiidir.

“Sabah”ın kubokun finalında “Qarabağ”ı məğlub etməsi sizin üçün gözlənilməz olmadı?

– Kubokun finalında həmişə yaxşı oyun olmur, nəticəyə hesablanmış qarşılaşma keçir. Ancaq düşünürəm ki, bu dəfə yaxşı oyun oldu. Həqiqətən, hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Hər iki tərəf xoşbəxtliyini rəqib qapısında tapmağa çalışdı. “Sabah”ın son şansı idi və düşünürəm ki, motivasiya yüksək səviyyədə idi. Deməzdim təsadüfi qələbə qazandı, sadəcə vuruşdular, bəlkə də, “Qarabağ”ın bir az bəxti gətirmədi. Son dəqiqələrdə buraxılan qolları nəzərdə tutub bunu deyirəm. Buna baxmayaraq, düşünürəm ki, böyük sensasiya olmadı. Oyunu götürsək, “Sabah”ın qələbəsində təəccüblü heç nə yox idi.

Mövsümün gedişində çalışdırdığınız “Səbail”in Premyer Liqanı tərk etməsi sizə necə təsir etdi?

– Əlbəttə, “Səbail”in Premyer Liqanı tərk etməsi yaralı yerdir. Bu, “Səbail”i sevənlər kimi məni də narahat edir. Ən başlıcası, orada bir “ordu”, akademiya var idi. Bir neçə futbolçu var idi ki, onlar da artıq orda olmayacaq. Akademiyanın taleyi çox narahat edir. Klubda çalışan insanlar var idi. Düşünürəm ki, mövsüm ərzində “Səbail”in gedişi gözlənilirdi. Bu, hamı kimi mənə də pis təsir etdi. Ancaq bu, futboldur, fikirləşirəm ki, gələn il geri qayıtmaq üçün böyük addımlar ata bilərlər.

Artıq avrokubok iştirakçılarının hamısı məlumdur. Avrokuboklardan nə gözləyirsiz, proqnozunuz nədir?

– Avrokuboklarda həmişə deyirdik ki, bir komanda – “Qarabağ” qrup mərhələsinə kimi gedə bilər. İndi artıq “Zirə”ni də bura qatmaq istərdim. O mənada ki, göstərdiyi futbola, əlində olan heyətə görə. “Zirə”nin heyəti çox mükəmməldir və hər bir mövqedə rotasiya etməyə oyunçu var. Güclü futbolçulardan yığılmış bir komandadır və keçən il də avrokuboklarda yaxşı çıxış ediblər, bir neçə mərhələ keçdilər. Düşünürəm ki, “Zirə”nin də Konfrans Liqasında qrupa düşmək şansı var. Yəni, bunu onların nümayiş etdirdiyi oyuna baxaraq deyirəm. Ancaq düşünmürəm ki, “Sabah” və “Araz-Naxçıvan” nəsə etsin. Bundan da əlavə, ediləcək transferlərdən də çox şey asılıdır. Yay transferləri böyük təsir edəcək. Düşünürəm ki, “Sabah” və “Araz-Naxçıvan” transfer baxımından bir az da güclənsələr uğurlu çıxış edə bilərlər. Ancaq qrup mərhələsinə düşmək bir az sual altındadır. Hər dörd komandaya uğurlar arzulayıram.

Son olaraq, oğlunuz Coşqun Diniyevlə bağlı fikirlərinizi bilmək istərdik. “Çorum”da qalır, yoxsa klubunu dəyişəcək?

– Coşqunun müddəti ilyarımlıq olan müqaviləsi var. Komandaya yanvarda gəlib və daha bir il “Çorum”da oynayacaq. Hansısa bir dəyişiklik olmazsa, düşünürəm ki, Türkiyədə karyerasını davam etdirəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button