“Sabah”ın prezidenti Komanda.az-a danışdı: “Tələsik qərar vermək istəmirik” – Müsahibə
Bir müddət əvvəl “Sabah” klubunda baş məşqçi dəyişikliyi oldu. Komandanın Premyer Liqanın son turunda öz meydanında “Qəbələ”yə minimal hesabla uduzmasından sonra Elşad Əhmədov baş məşqçi postundan göndərildi, “sükan” müvəqqəti olaraq Müşahidə Şurasının üzvü İqor Ponomaryova həvalə olundu. Ponomaryov baş məşqçi postunda müvəqqətidir, “Sabah”ın yeni çalışdırıcısı kim olacaq? Ümumiyyətlə, komandanın cari mövsüm üçün hədəfləri nədir? Qarşıda hansı addımların atılması planlaşdırılıb? Bu suallara klub prezidentindən daha aydın cavab verəcək şəxs olmazdı. Biz də belə etdik, “Sabah”ın prezidenti Maqsud Adıgözəlovla söhbətləşmək qərarına gəldik:
– “Sabah”ın mövsümün ilk dörd turundakı çıxışı haqda fikirləriniz nədir?
– Nə deyə bilərəm? Komanda baxımsız oyun sərgiləyir. Nəticələrimiz də buna uyğundur. Ancaq bu, öhdəsindən gələ bilməyəcəyimiz çətinlik deyil. Çempionat hələ yeni başlayıb. Çatışmazlıqları düzəltmək üçün vaxt var.
– Yeni mövsüm üçün daha iddialı heyət quran klubun uğursuz çıxış etməsində əsas səbəb nədir?
– Düşünürəm ki, meydanda sonradan bizə qoşulan futbolçular arasında əlaqə hələ ki, istənilən səviyyədə deyil.
– Yeni transferlərin oyununu necə dəyərləndirirsiz?
– Komandanın oyunu alınmayanda, hansısa futbolçunu fərqləndirmək çox çətin olur. Fikrimcə, ayrılıqda bütün futbolçularımızın səviyyəsi yüksəkdir, ancaq komanda halında hələ ki, bu müşahidə olunmur. Yay fasiləsindən sonra düşərgəyə qoşulan futbolçular fiziki planda öz üzərlərində çalışmalıdırlar.
– Elşad Əhmədovun baş məşqçi postundan ayrılması rəhbərliyin qərarı idi, yoxsa özü bu barədə sizə müraciət edib?
– Bu qərara qarşılıqlı razılıq əsasında gəldik.
– Müşahidə Şurasının üzvü İqor Ponomaryov müvəqqəti olaraq komandanın “sükanı arxasına” gətirilib. Baş məşqçi postuna artıq namizədiniz var? Ümumiyyətlə, yerli məşqçi ilə anlaşmaq istəyirsiz, yoxsa əcnəbi?
– Tələsik qərar vermək istəmirik. Əvvəlcə meyarları müəyyənləşdirməliyik. Daha sonra namizədlərin seçilməsi, danışıqlar və s. Baş məşqçinin yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Əsas odur, yeni baş məşqçi bizim istədiyimiz kriteriyalara cavab versin.
– “Qarabağ” son turda “Neftçi”ni məğlub edərək, demək olar ki, çempionluq mübarizəsində rəqibinin olmadığını göstərdi. Sizcə, Azərbaycanda “Qarabağ” səviyyəsində ikinci bir komanda yaratmaq üçün nə etmək lazımdır?
– Sadəcə, çox çalışmalıyıq. Və təbii ki, vaxta ehtiyacımız var.
– “Sabah” bu mövsüm mükafatçılar sırasına düşməsə, bunu uğursuzluq kimi dəyərləndirəcəksizmi?
– Bəli.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin