“Sabah”ın özündən daha təcrübəli, daha çox uğuru olan rəqibi – YAZI+FOTO
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah” UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS komandası ilə qarşılaşacaq.
Azərbaycanda əksər futbol adamlarının düşüncəsi belədir ki, Murad Musayevin başçılıq etdiyi kollektiv latviyalıları çox da çətinlik çəkmədən mübarizədən kənarlaşdıra bilər. Amma bu, heç də belə deyil. Birincisi, “Sabah”ın avrokubok təcrübəsi yoxdur. Komanda ilk dəfə beynəlxalq arenada meydana çıxacaq. İkincisi, düzdür, Latviya klubunun da zəngin avrokubok təcrübəsi yoxdur, amma onlar ən azı bir neçə dəfə beynəlxalq turnirlərdə iştirak ediblər. Xüsusilə də, Riqa təmsilçisi ötən mövsüm UEFA Konfrans Liqasının qrup mərhələsində iştirak edib. Təkcə elə bu fakt “Sabah”ın işinin kifayət qədər çətin olacağını göstərir. Hətta Azərbaycan klubu RFS-ni mübarizədən kənarlaşdıra bilsə, bu, yetərincə ciddi uğur sayıla bilər.
Gəlin, çoxumuzun yaxşı tanımadığı RFS haqda vacib məlumatlara baxaq:
• RFS Futbol Klubu Latviyanın paytaxtını – Riqa şəhərini təmsil edir. 1962-ci ildə əsası qoyulan klub Latviya Yüksək Liqasında – Virsliqada mübarizə aparır. Onlar hazırda ölkə çempionatının turnir cədvəlində 52 xalla 2-ci pillədə qərarlaşıb.
• “Skonto” klubu 2016-cı ildə əsas çempionata lisenziya ala bilmədiyi üçün RFS elə həmin ildə Virsliqaya yüksəlib.
• Komanda ev oyunlarını “LNK Sporta Parks” adlı idman kompleksinin daxilindəki stadionda keçirir. Burada üç stadion mövcuddur: onlardan biri süni, digər ikisi isə yüksək keyfiyyətli təbii ot örtüyü ilə təchiz edilib. RFS-nin ev oyunlarını keçirdiyi stadion 700 nəfərlik tamaşaçı tutumuna malikdir. Ehtiyat stadionda isə 420 tamaşaçı matçları canlı izləyə bilir. Həmin meydança daha çox hava şəraitinə görə, əsas stadionda oynamaq mümkün olmadığı halda istifadə edilir. Avrokubokların ilk iki təsnifat mərhələ oyunu Jurmala ərazisində yerləşən “Sloka” stadionunda baş tutur.
• RFS 2020/21 mövsümündə həm ölkə çempionatının, həm də ölkə kubokunun qalibi olub. Eyni zamanda, onlar 2019-cu ildə də Latviya kubokunun qızıl medallarına layiq görülüb.
• RFS tarixində ilk dəfə 2019/20 mövsümündə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində çıxış etmək imkanı əldə edib, lakin Sloveniya “Olimpiya”sına məğlub olub və turnirlə erkən vidalaşıb. Riqa təmsilçisi 2020/21 mövsümündə də eyni aqibətlə üzləşib və bu dəfə Serbiyanın “Partizan” klubu onları məyus edib. 2021/22 mövsümündə RFS Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə qədər irəliləsə də, Belçika “Gent”i onları iki oyunun nəticəsinə görə məğlubiyyətə uğradıb.
• Başa çatan 2022/23 mövsümü “Sabah”ın rəqibi üçün daha yaddaqalan olub. Belə ki, onlar avrokuboklarda mübarizəyə Çempionlar Liqasında start versələr də, Finlandiyanın HJK komandasını keçə bilməyiblər. Nəticədə, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindən mübarizəyə davam ediblər və öncə Maltanın “Hibernians”, sonra isə Şimali İrlandiyanin “Linfild” klubunu məğlub etməklə tarixlərində ilk dəfə avrokubokların qrup mərhələsində iştirak etmək hüququ qazanıblar. RFS qrupda Türkiyənin “Başakşəhər”, İtaliyanın “Fiorentina” və Şotlandiyanın “Harts” klubları ilə mübarizədə sonuncu – dördüncü olub.
• 2023/24 mövsümündə avrokuboklarda mübarizəyə 1-ci təsnifat mərhələsindən start verən RFS “Makedoniya”dan üstün olub və adını növbəti tura yazdırıb. Onların bu mərhələdəki rəqibi isə bizim “Sabah”dır.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin