“Sabah”ın müdafiəçisi Seneqal millisinə niyə dəvət almır? – Müsahibə
“Sabah”ın müdafiəçisi Abdulaye Ba Azərbaycan Premyer Liqasında seçilən legionerlərdən biridir. Həm oynadığı futbola, həm də karyerasına görə Seneqal millisinin keçmiş üzvü diqqət çəkir.
Komanda.az “Rayo Valyekano” (İspaniya), “Fənərbaxça”, “Alanyaspor” (Türkiyə) kimi klublarda çıxış etmiş Banın müsahibəsini təqdim edir:
– Bu mövsümdən Azərbaycan çempionatında çıxış edirsiz. Uyğunlaşa bilirsizmi bura?
– Bəli, artıq tam uyğunlaşdığımı demək olar. Burda insanlar çox sadə və mehribandırlar və onlardan özümə qarşı böyük hörmət görürəm. Azərbaycanda özümü xoşbəxt hiss edirəm.
– Komanda yoldaşlarınızla aranız necədir? Daha çox kiminlə yaxşı anlaşırsız?
– Komanda yoldaşlarımla çox gözəl, sağlam münasibətimiz var. Kimlərlə daha yaxşı anlaşıram? Elvin, Amin, Tellur və Lens…
– Azərbaycan futbolunda ən çox bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər nələrdir?
– Azərbaycan çempionatında komandalar mövsüm ərzində bir-biri ilə dörd oyun keçirirlər. Düzü, bu qayda mənim xoşuma gəlir. Çünki belədə, rəqib komandadan revanş almaq imkanın olur. Bəyənmədiyim hər hansı xüsusiyyət yoxdur.
– Azərbaycana gəlməzdən əvvəl zəngin futbolçu karyeranız olub. Hansı klubu karyeranızın zirvəsi hesab edirsiz?
– Seçim etmək çox çətindir. Çünki hər təcrübə fərqlidir və hər biri məni həm insan, həm də futbolçu kimi bir az da inkişaf etdirib. Qarşıma bu cür fürsətlər çıxardığına görə Allaha şükür edirəm.
– Artıq burda bəzi komandalarla qarşılaşmısız. Azərbaycanda bəyəndiyiniz müdafiəçi var?
– Bəhlul Mustafazadə (“Qarabağ”ın futbolçusu). Onda yüksək səviyyəli mərkəz müdafiəçisi olmaq üçün hər bir xüsusiyyət var.
– Bura gələnə qədər Azərbaycan futbolu barədə nəsə bilirdiz? Hansı klublarımızı tanıyırdız?
– “Qarabağ” və “Neftçi”ni tanıyırdım. Üstəlik mənim böyük qardaşım vaxtilə “Karvan”da çıxış edib. Buna görə, Azərbaycan futbolu ilə bağlı ümumi məlumatım var idi.
– 2012-2013 illərdə Seneqal millisində 6 oyun keçirmisiz. Ondan sonra milliyə çağırılmamağınızın səbəbi nədir?
– Həmin illərdə federasiyada böyük qalmaqallar yaşanmışdı, stadionlar bağlanmışdı. Mən də federasiya rəsmiləri ilə danışaraq, milli karyeramı dayandırdımaqla bağlı razılığa gəldim. Bundan sonra üstünlüyü ailəmə və klubuma verdim.
– “Sabah”ın bu mövsüm Azərbaycan Premyer Liqasında məğlub olduğu yeganə komanda hələ ki, “Qarabağ”dır. Artıq indidən bu komanda ilə növbəti oyun üçün səbirsizlənmirsiz?
– Mövsüm hələ yeni başlayıb. Bir komanda ilə matça köklənmək olmaz. Əsas odur, biz nə istədiyimizi bilirik. Hədəfimizə çatmaq üçün hər gün böyük səylə çalışırıq.
– “Qarabağ”la oyunda qırmızı vərəqə aldız. Ümumiyyətlə, həmin oyun xeyli müzakirələrə səbəb oldu, xüsusən də, hakimlik. Siz bu barədə nə deyə bilərsiz?
– Futbolda bəzən belə hallar yaşanır. Düzdür, həmin oyunu uduzmağımız haqsızlıq oldu. Lakin artıq bu matçı unudub, qarşıdakı tura köklənmişik. Hakimlər peşəkardırlar. Onlar da insandır və məncə, belə anlarda dəstəyə və köməyə ehtiyacları var.
– Mətbuat “Sabah”ı bu mövsüm çempionluq yarışında “Qarabağ”a əsas rəqiblərdən biri kimi göstərir. Jurnalistlər haqlıdır, yoxsa…
– Rəqabətin olması həmişə yaxşıdır. “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə rəqabət xüsusilə gözəldir. Çünki bu, sizin də yüksək səviyyəyə çatmağınıza imkan yaradır.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin