“Belə bir məqamda, belə bir hadisə olmayaydı kaş” – Təmkin Xəlilzadə
“Sabah”ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 8-ci turunun “Keşlə” ilə oyununun sonunda (1:1) görüşün baş hakimi Kamal Umudlu ilə aralarında yaşanan gərginliyə aydınlıq gətirib.
Komanda.az xəbər verir ki, gərginlik nəticəsində qırmızı vərəqə ilə cəzalandırılan Xəlilzadə, bununla bağlı rəsmi “instagram” hesabı vasitəsilə paylaşım edib. O, həmin anda emosional davrandığını yazıb:
“Keşlə” ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus elədi. Əslində, normal tərzdə fikirlərimi çatdırmaq istədim ona, ola bilər bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və “Sabah” klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm…
Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən, milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda, belə bir hadisə olmayaydı kaş! Xeyirlisi”.
Bizi Facebook-da izləyin