“Sabah”ın baş məşqçisi söz verdi

“Sabah” iyulun 10-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Çelye” komandasını qəbul edəcək.

Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək oyundan iki gün əvvəl Masazır təmsilçisinin yeni baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis qarşıdakı oyunu səbirsizliklə gözlədiklərini bildirib:

“Həqiqətən də, şadam, məmnunam ki, oyun öncəsi bu qədər jurnalist görürəm. Həmişə Avropada futbol olanda ictimaiyyət üçün çox həyəcanlı olur. Biz də çox istəkliyik. Rəqibin gücünü bilirik. Son mövsümdə Avropadakı çıxışlarından xəbərimiz var. Bu komandanın keçən mövsüm Konfrans Liqasında 1/4 finala qədər gəldiyini bilirik. Ona görə də, bu oyunu səbirsizliklə gözləyirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərmək üçün əlimizdən gələni edəcəyik. Bütün bizi dəstəkləyənləri bu oyuna dəvət edirəm.

“Sabah” mənə təklif göndərəndə başqa klubla da müqaviləm var idi. Amma bu komandanın iddialı olması qərarımda həlledici oldu. Və inanıram ki, qarşıdakı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirəcəyik.

Bu tip oyunlarda bəzən xırda detallar həlledici olur. Buna baxmayaraq, biz rəqibi az da olsa, təhlil edirik. Amma mən istər Avstriya toplanışında olsun, istərsə də Bakıdakı məşqlərimizdə oyunçularımın necə istəkli olduğunu gördüm. Mənim üçün əsas olan budur.

Öz komandamda bu potensialı görürəm. Dinamik, hərəkətli komandadı. Mən həmişə istəyirəm ki, mənim komandam meydanda həmişə dominant futbol oynasın. Bir qol vurub daynmaq deyil, 2-ci, 3-cü, 4-cü qolu da vursun.

İstər ilk oyun olsun, istərsə, də son oyun. İstənilən halda gərginlik olur. Mən deməzdim ki, həyəcanlıyam. Hər bir məşqçi istər ki, məşqlərin sayı, vaxtı çox olsun. Amma istənilən halda biz bu oyuna hazırıq.

Yoxlama oyunları bizim üçün önəmlidi. Mən həmişə belə oyun seçəndə güclü rəqiblərə üstünlük verirəm. Çünki belə oyunlarda buraxdığımız səhvləri yaxşı təhlil edə bilirik. Bundan da başqa düşünürəm ki, komanda ilə keçirdiyim iki həftədə gördüklərimə əsasən deyə bilərəm ki, mən oyunçularıma güvənirəm“.

Tərəflər arasında cavab matçı iyulun 17-də, saat 22:00-da start götürəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button