“Sabah” “sükan”ı kimə tapşırıb? – Yazı+Fotolar
“Sabah”ın baş məşqçi postuna Visente Qomesi gətirdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisi ispan mütəxəssislə iki illik müqavilə imzalayıb.
Qomes 2000-2006-cı illərdə İspaniyanın “Atletik” klubunun akademiyasında çalışıb. İlk olaraq Bilbao təmsilçisinin U-12 komandasında məşqçilik edən Qomes, akademiyanın bütün yaş kateqoriyalarında işləyib. 2006/07 mövsümündə isə “Atletik”in əsas komandasında baş məşqçi Mane Pardenin köməkçisi olub.
Qomes, məşqçiliklə yanaşı, 2008-2011-ci illər aralığında “Atletik”də skaut şöbəsinə də cavabdeh şəxs idi, o, psixologiya bölməsində çalışan məşqçilər üçün də təlim proqramı hazırlamışdı.
İspan mütəxəssis 2012-2014-cü illərdə Bilbao təmsilçisinin ikinci komandası olan “Deportivo Baskonia”da baş məşqçilik edir. 14 il İspaniyada çalışan Qomes, 2014-cü ildə Ukraynaya – Kiyev “Dinamo”suna üz tutur.
“Dinamo”nun U-19 və U-21 komandasında baş məşqçisi kimi çalışan Qomes, 2016-cı ildə əsas komandanın çalışdırıcısı Sergey Rebrovun köməkçisi təyin olunur. 2016/17 mövsümündə Rebrovun məşqçilər korpusunda yer alan mütəxəssisin növbəti ünvanı isə Səudiyyə Ərəbistanı olur. “Əl Əhli” klubunda bir mövsüm köməkçi məşqçi kimi işləyən Qomes, 2018/19 mövsümünü Moskvanın “Spartak” klubunda – Massimo Karreranın yanında keçirir.
Moskva klubundan sonra 2019-cu ilin yayında Ukraynanın “Olimpik” klubunda baş məşqçiliyə başlayan Qomes, Donetsk təmsilçisiylə 18 görüşdə 6 qələbə qazanıb, 10 dəfə də məğlub olub. Visente bir dəfə də Premyer Liqada turun ən yaxşı baş məşqçisi seçilmişdi. O, 2020-ci ilin martında Ukrayna klubundan ayrılır. Komandanın Premyer Liqada ilk altılığa girə bilməməsinə baxmayaraq, Qomesin ayrılmasına səbəb bu nəticə göstərilmirdi. “Olimpik”in prezidenti Vladislav Qelzin Visentenin ayrılmasının futbolla bağlı olmadığını demişdi. Qomes və “Olimpik” rəhbərliyi maaş məsələsində razılaşa bilmirdilər. Bununla belə, Qelzin xidmətlərinə görə Qomesə təşəkkür etmiş, onun gələcəkdə uğurlu məşqçi olacağını bildirmişdi.
Ukrayna mətbuatına görə, Qomes “Olimpik”də aylıq 10 min avro qazanırdı və bu da komandanın kapitanı olan Dmitri Qrişkonun məvacibindən iki dəfə çox idi.
“Olimpik”in kapitanı Qrişko da Qomesin ayrılmasının tam səbəbini bilmədiyini və buna çox məyus olduğunu açıqlamışdı. O, ispan mütəxəssisin baş məşqçidən çox, dost, yaxşı yoldaş olduğunu deyib.
“Olimpik”in yarımmüdafiəçisi Sergey Politılo isə Qomes haqda bunları demişdi:
“Ümumiyyətlə, ispan məşqçilərin işindən çox təsirləndim. Qomesin “Olimpik”ə gəlişiylə baş verənlər Xuande Ramosun “Dnepr”ə gəlişiylə baş verənlərə bənzəyir. Güclü taktiki hazırlıqdan əlavə, ispanlar komandada yaxşı atmosfer yaratmağı bacarırlar”.
Haşiyə: Xuande Ramos baş məşqçi karyerasında “Real” və “Tottenhem”də də çalışıb.
Qomesin məşqçi karyerasına baxdıqda, “Atletik”dən başqa, heç bir klubda uzun müddət qala bilməyib. “Sabah”la iki illik müqavilə imzalayan ispanın Bakı təmsilçisində nələr edəcəyini isə zaman göstərəcək.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin