“Sabah”dan Deviçlə bağlı RƏSMİ açıqlama
“Sabah”ın hücumçusu Marko Deviç Ukrayna mətbuatına verdiyi müsahibədə, karyerasını başa vurduğunu açıqlayıb. “Sabah”la müqaviləsi cari mövsümün sonunda başa çatan ukraynalı futbolçu, yanvarda kluba transfer olunmuşdu. Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Deviçin açıqlaması ilə bağlı “Sabah” klubunun mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında, Deviçin komandadan ayrıldığını təsdiqləyib:
“Koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda Marko Deviç klub rəhbərliyinə müraciət edərək, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirmişdi. Onun bu istəyinə müsbət cavab verilmişdi. Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olmuşdu ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib. Markoya kluba verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.
Bizi Facebook-da izləyin