“Sabah sanki dünya çempionu ilə oynayacağıq”
Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, bosniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil. Çünki sabah mümkün məğlubiyyət vəziyyətimizi çətinləşdirə bilər. Belədə 3 yığmanın 6 xalı ola bilər. Sabah biz qalib gəlib, Lüksemburqun uduzmasını gözləməliyik. Hələlik nəticələrdən razıyam. Lakin riyazi baxımdan birinci yeri təmin etməmişik. Futbolçulardan maksimum konsentrasiya xahiş edirəm. Azərbaycan azlıqda Lüksemburqa qol vurub və səfərdə Kipri udub. Hörmətəlayiq komandadır. Qələbə üçün hər şeyi edəcəyik. Bu matça elə yanaşıram ki, sanki dünya çempionu ilə qarşılaşacağıq”.
Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki “Qradski” stadionunda keçiriləcək Monteneqro – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bizi Facebook-da izləyin