“Sabah” “Levski” səddini necə keçə bilər? – TƏHLİL

Fəxri Rüstəmli

“Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında sabah Bolqarıstanın “Levski” komandasını qəbul edəcək.

Gəlin, ilk oyunda səfərdə buraxılan son dəqiqə qolu ilə 0:1 hesabı ilə məğlub olan Masazır təmsilçisinin “mərhələni necə keçə bilər” sualına cavab tapmağa çalışaq.

“Sabah”ın “Levski”ni keçə bilməsi üçün təkcə fərdi ustalıq deyil, həm də taktiki intizam və rəqibin zəif nöqtələrindən düzgün istifadə ilə yanaşı, psixaloji hazır olması da önəmli rol oynayacaq. Bəli, “Levski” daha çox balanslı futbol oynayır. Topa daha çox sahib olmağı və topla çox oynamağı sevən komandadır. Bunlara baxmayaraq, onların da zəif nöqtələri var və onlardan yararlanmaq lazımdır.

“Levski”nin zəif nöqtələri

Müdafiə xəttində mərkəz oyunçularının sürət çatışmazlığı hiss olunur – sürətli hücumçulara qarşı problem yaşayırlar. Təzyiq altında arxa xətdən çıxışlarda səhvlərə meyllidirlər və bu səhvlərə yol vermələri üçün onları təzyiqdə saxlamaq lazımdır. “Levski”də standart vəziyyətlər zamanı az hallarda diqqətsizlik olur. Amma belə hallardan da maksimum yararlanmaq vacibdir.

“Levski”nin mərkəz müdafiəçilərinin sürət problemi “Sabah”ın uzun ötürmələrlə onların cərimə meydançasına qaçışını effektli edə bilər.

Bəs “Sabah”a hansı oyun tərzi kömək edə bilər?

“Sabah” Moldova təmsilçisi “Petrokub”la oyunlarda dominant futbol nümayiş etdirməyi bacardığını göstərmişdi. Sanki baş məşqçi Valdas Dambrauskas “mən həmişə istəmişəm ki, komandalarım meydanda dominantlıq etsinlər” fikrini artıq yeni komandasında da oyunçularına aşılaya bilib. Hə, o başqa məsələ ki, “Petrokub”la matçda hesabdakı böyük üstünlüyün verdiyi müəyyən rahatlıq da var idi, hansı ki, oyunçular bir növ səhv etməkdən çəkinmirdilər. Belə olan halda da hər şey istədikləri kimi getdi və “Sabah”ın ifasında baxımlı oyuna şahidlik etdik.

Düzdür, “Levski” “Petrokub” deyil, amma rəqibin adından çəkinmək də olmaz və bu, komandanın yol vermiş olduğu ən böyük səhvlərdən biri ola bilər. 0:1 hesablı məğlubiyyət elə də böyük bir gerilik deyil və nəticəni öz xeyirinə çevirmək üçün də kifayət qədər vaxtın var. Meydana rahat çıx və dominantlığını nümayiş etdir, həyəcanın komandaya əks təsiri olar ki, xeyri dəyməz.

Dambrauskasa tövsiyə: Onsuz da itirəcəyin nəsə yoxdur. Komandan mübarizəni dayandırsa belə, işini davam etdirəcəksən. Rəqibin adından çəkinmədən oyunçularına yaxşı motivasiya ver (belə anlarda bilirik ki, yaxşı motivasiya istənilən nəticəyə təsir gösərir), özgüvəndə olmalarını və meydana rahat çıxmalarını təmin et. Və belədə azacıq üstün olan Bolqarıstan təmsilçisinin əlindən pley-offu almaq olar.

Hansı amillər “Sabah”ın pley-offa çıxmasına kömək edər?

İlk növbədə azarkeş amili! Azarkeş dəstəyini maksimum dərəcədə hiss etdirmək və oyunun əvvəlində yüksək tempin tətbiqinə yardım etmək.

Bundan başqa, fiziki hazırlıq yerindədirsə, bundan istifadə edərək üstünlük qazanmaq, vaxtı düzgün idarə etmək və bir az da olsa, riskli futbol oynamaq…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button