Yeni transferi “Sabah”a “hə” deyənə kimi 10 gün düşünüb MÜSAHİBƏ

“Sabah” klubunun yeni transferi Petar Şkuletiçin Komanda.az saytına müsahibəsi:

  • Karyeran ərzində müxtəlif ölkələrdə çıxış etmək şansın olub. Avstriya, Serbiya, Rusiya, Türkiyə, Fransa, indi isə Azərbaycan. Bakıya gəlişin necə oldu?
  • Başqa təkliflər də var idi. Lakin mənim xidmətimdə daha çox maraqlı olan klubu seçdim. “Sabah”a kömək etmək üçün burdayam.
  • Bakı ilə bağlı təəssüratların necədir?
  • Düzü, şəhəri gəzmək imkanım olmayıb. Lakin gördüklərimə əsasən deyə bilərəm ki, Bakı möhtəşəm şəhərdir.
  • “Monpelye”də ötən mövsüm 19 oyuna çıxmısan. Fransa Liqa 1-dən sonra Azərbaycana gəlməklə bağlı qərar vermək çətin olmadı?
  • “Monpelye” ilə müqaviləmə qarşılıqlı razılıq əsasında xitam verildikdən sonra düzgün qərar vermək üçün on gün təkliflər üzərində düşündüm. Sonda “Sabah”ın mənim və ailəm üçün ən düzgün seçim olduğu qənaətinə gəldim.
  • Gəlməzdən əvvəl Azərbaycan futbolu və “Sabah” haqda məlumatın var idi?
  • Düzü, Azərbaycan futbolu barədə çox az şey bilirdim. Lakin burda həmişə Balkan ölkələrindən çox sayda oyunçu çıxış etdiyinə görə, ümumi məlumatım var idi.
  • “Partizan”da çıxış edərkən Avroliqada “Neftçi”yə rəqib olmuş və iki qol vurmuşdun. Premyer Liqada növbəti tur da məhz “ağ-qaralar”a qarşı olacaq. “Neftçi” ilə oyunda meydanda olacaqsan?
  • Bəli, həmin matçı xatırlayıram. Maraqlı və gözəl oyun idi. Ümid edirəm, yeni klubumda debüt oyunumda da “Neftçi”ni məğlub edə biləcəyik. Şans verilsə, bu matçda oynamaq istəyərəm.
  • “Sabah” mövsümə uğursuz start verib. Komandanın oyunlarını izləmisən?
  • “Zirə” ilə matçı canlı izlədim. Düzünü deyim, məncə, sərgilənən futbol nəticələrə uyğun deyil. Fikrimcə, “Sabah” yaxşı oyun nümayiş etdirdi, xüsusilə, ikinci hissədə.
  • “Sabah”da hədəfin nədir? 31 yaşın var və daha bir neçə il futbol oynaya bilərsən. Azərbaycan çempionatında çıxış etmək sənə nə fayda verəcək?
  • Əsas məqsədim müqavilə müddətimin sonuna kimi “Sabah”da çıxış etmək və bu komanda ilə ən yaxşı nəticələri qazanmaqdır. Bundan sonra mümkün olsa, doğma “Partizan”a qayıdıb, bu komandaya kömək etmək və karyeramı orda bitirmək istəyərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button