“Mən də yenidən milli komandamızda çıxış etmək istəyərdim” – Müsahibə

“Sabah” klubunun futbolçusu Səlahət Ağayevin Komanda.az saytına müsahibəsi:

  • Komandanın hazırlığını necə dəyərləndirirsən? Çempionata tam hazırsız?
  • Hazırlıqlarımız öz axarında davam edir. Artıq 11 gündür Antalyadayıq. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirmişik. İnanıram ki, burda çəkdiyimiz əziyyətin bəhrəsini mövsümün ikinci yarısında görəcəyik.
  • Növbəti rəsmi oyunda Azərbaycan kubokunun 1/8 finalında keçmiş komandan “Neftçi” ilə qarşılaşacaqsız? Oyundan gözləntilərin nədir?
  • Biz bütün oyunlarımıza maksimum nəticə üçün çıxırıq. Bu oyun da istisna deyil. Rəqib güclüdür, son ölkə çempionudur. Lakin biz əlimizdən gələni edəcəyik ki, kubokun ilk oyununda səfərdən sərfəli nəticə ilə qayıdaq.
  • “Neftçi”yə qarşı oyunlara xüsusi motivasiya ilə çıxırsanmı?
  • Mən bütün oyunlara xüsusi motivasiya ilə çıxıram (gülür). Rəqibin kimliyinin mənim üçün heç bir fərqi yoxdur. Digər rəqiblərimizə olduğu kimi, “Neftçi”yə də hörmət edirəm. Lakin fərqli yanaşmadan söhbət gedə bilməz.
  • “Sabah” heyətini daha bir qapıçı ilə gücləndirdi. Bundan əvvəl rəqabət Saşa Stamenkoviçlə idi, indi isə belaruslu Aleksandr Neçayevlə olacaq. Bu haqda nə düşünürsən?
  • Komandada rəqabətin olması çox yaxşı haldır. Heyət nə qədər geniş, güclü olsa, bu, çempionatda və kubokda bir o qədər işimizə yarayar. O ki qaldı rəqabətə, bu da futbolun bir hissəsidir. Hər oyunçu məşqlərdə, oyunlarda öz maksimumunu ortaya qoyur, əsas heyətə daha çox layiq olduğunu sübut etməyə çalışır. Sonda kimin oynayacağına isə məşqçilər korpusu qərar verir.
  • Stamenkoviç klubla vidalaşdı. O, yaddaşında necə biri kimi qalacaq?
  • Stamenkoviç həm yaxşı insan, həm də yaxşı futbolçudur. Onunla bir komandada olmaq mənim üçün xoş idi. Saşa həmişə yaddaşımızda istənilən situasiyada öz pozitivliyini qoruyub saxlayan, bacarıqlı qapıçı, həmçinin də yaxşı insan kimi qalacaq. Ona gələcək karyerasında uğurlar arzulayıram.
  • Komanda Murad Musayevin gəlişindən sonra uğurlu çıxış edir. Musayevi digər məşqçilərdən fərqləndirən nə idi ki, komanda yaxşı nəticələr əldə etdi?
  • Murad Musayev gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli mütəxəssisdir. Onun oyun üslubu bizə uyğundur. O komandaya, komanda da ona inanır.
  • “Sabah”da konkret hədəf nədir?
  • Bizim hazırda əsas hədəfimiz hər növbəti matçımıza tam köklənmək, hər oyunumuzdan maksimum yaxşı nəticə ilə ayrılmaqdır. Sonda hansı nəticəyə imza atacağıq, bunu zaman göstərəcək.
  • Mart ayında Azərbaycan milli komandasının Millətlər Liqasında oyunları var. Yığmaya dəvət gözləyirsən?
  • Hər bir futbolçu üçün millidə çıxış etmək şərəfdir. Əlbəttə, mən də yenidən milli komandamızda çıxış etmək istəyərdim. Dəvət gəlsə, milli komandamıza əlimdən gələn köməyi göstərməyə hazıram.
  • Milliyə sənin mövqeyində namizədlər Şahruddin Məhəmmədəliyev, Emil Balayev və Mehdi Cənnətovdur. Hazırda yığmanın əsas qapıçısı Şahruddindir. Millinin “1 nömrəsi”nin Səlahət Ağayev olması üçün nə lazımdır?
  • Mənim üzərimə düşən əsas vəzifə klubumda özümü maksimum göstərməkdir. Dəvəti isə millinin məşqçisi göndərir.
  • Mövsümün sonunda azad agent olacaqsan. Gələcəklə bağlı planların nədir?
  • Hələ ki, mövsümün sonu barədə düşünmürəm. Hazırda yalnız komandamın qarşıdakı oyunlarına köklənmişəm. İndi mənim üçün yalnız komandamın uğurlu çıxışı maraqlıdır.
  • Bu mövsümdə qış fasiləsinə qədər “Sabah”ın ən yaxşı futbolçusu kimdir?
  • Bu suala cavab vermək bir qədər çətindir. Hərə öz mövqeyində komandanın uğurlu çıxış etməsi üçün əlindən gələni elədi. Konkret kimisə fərqləndirə bilmərəm.
  • Səlahət, hazırda Azərbaycan futbolunun gündəmində Mahir Emrelinin “Legiya”dakı gələcəyidir. Səncə, Mahir nə etməlidir, hansı yolu seçməlidir?
  • Onun klubdakı vəziyyətini, məsələnin təfərrüatını tam bilmədiyimdən, bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Mahir kifayət qədər təcrübəsi olan futbolçudur. Fikrimcə, özü karyerası ilə bağlı ən düzgün qərarı verəcək. Mən yalnız ona uğurlar arzulaya bilərəm. Ümid edirəm, bu məsələ onun üçün müsbət sonluqla nəticələnəcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button