“Sabah”ın legioneri: “Azərbaycan çempionatının çox sərt olduğunu düşünmürəm” – Müsahibə
“Sabah” klubunun futbolçusu Kristian Sebalyosun Komanda.az saytına müsahibəsi:
- İstirahətin necə gedir?
- Hazırda İspaniyadayam. İstirahətimi vətənimdə, ailəmlə keçirirəm. Bununla yanaşı, həkimin verdiyi tapşırıqlar əsasında reabilitasiyamı da davam etdirirəm. İnanıram ki, Bakıya qayıdanda daha hazır olacam.
- Noyabr ayından yaşıl meydanlardan uzaqdasan. Futbol üçün darıxmırsan?
- Bəli, futbol üçün darıxıram. Təəssüf ki, zədə səbəbindən bir müddətdir komandama kömək edə bilmirəm. Futbolu, məşqləri çox sevirəm. Bir müddət kənarda qalmağım mənim üçün çətin dönəm oldu. Ümumiyyətlə, hər futbolçu üçün oyundan, məşqlərdən kənarda qalmaq çox çətindir. Lakin bu da idmanın bir parçasıdır. İnanıram ki, tezliklə tam bərpa olub komandama kömək edəcəm.
- Premyer Liqada ilk dövrə artıq geridə qaldı. Azərbaycan karyeranın 4 aylıq bölümünü necə ifadə edə bilərsən?
- Məncə, Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. Hətta deyərdim məni yaxşı mənada təəccübləndirdi. Düzdür, “Qarabağ” öz gücü ilə seçilir. Lakin ümumilikdə çempionatda gərgin mübarizə gedir. O ki qaldı öz çıxışıma, komanda yoldaşlarım kimi uğur qazanmağımız, turnir cədvəlində daha yaxşı pillədə yer almağımız üçün əlimdən gələni edirəm.
- “Sabah” mövsümə uğursuz başlasa da, Murad Musayevin gəlişindən sonra qələbələri sıralamağa başladı. Uğurlu oyunun sirri nədə idi?
- Murad Musayev komandaya yeni nəfəs gətirdi. Onunla birlikdə yaxşı nəticələr qazanırıq. Ümumiyyətlə, yaxşı futbolçulara, yaxşı məşqçi heyətinə və yaxşı daxili ab-havaya malik komandamız var. Çempionatın son turuna kimi mübarizə aparacağıq. Mövsümün sonunda hansı nəticəyə imza atacağımızı sonda görəcəyik.
- Premyer Liqada keçirdiyin 6 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalmısan. Çıxışın səni qane edir?
- Bəli, 6 oyuna 2 assist etmişəm. Komandaya bir qədər gec qoşulmuşdum. Buna görə, startda bir neçə turu buraxmalı oldum. Bundan əlavə, bayaq da qeyd etdiyim kimi, zədə səbəbindən də bir neçə oyunda komandama kömək edə bilmədim. Əlbəttə, daha çox xeyir vermək istərdim. Lakin vurğuladığım amillər buna mane oldu. İnanıram ki, növbəti aylarda komandama daha çox fayda verəcəm.
- Bir müddət zədələrə görə yaşıl meydanlardan kənarda qaldın. Daha əvvəl də tez-tez zədələnirdin, yoxsa Azərbaycanda futbol daha sərt oynanılır?
- Əvvəllər də zədələrim olub. Lakin bu zədələr o qədər də ciddi olmayıb. Azərbaycan çempionatının çox sərt olduğunu düşünmürəm. Mən əvvəllər Belçikada, İngiltərədə kifayət qədər sıx qrafikdə oynamışam. Zədə təkcə futbolun yox, ümumiyyətlə idmanın bir parçasıdır. Təəssüf ki, bundan qaçmaq mümkün deyil.
- Komandadakı gənc futbolçuları necə dəyərləndirərdin?
- Bizdə yaxşı potensiala malik gənc futbolçular var. Bir neçə futbolçumuz milli komandalara da dəvət alır ki, bu da, bizim üçün müsbət haldır. Komanda son oyunlarda yaxşı nəticələr qazanır. Bütün komanda, futbolçular özünü inkişaf etdirir, gənc oyunçular da həmçinin.
- Mövsümün ikinci dövrəsindən gözləntilərin nədir? “Sabah” avrokuboklara vəsiqə əldə edə biləcək?
- Çempionata yaxşı başlamadıq. Startda bir neçə vacib xallar itirdik. Lakin ikinci dövrədə nisbətən bu xal itkilərini kompensasiya etməyi bacardıq. Hazırda üçüncü pillədə gedən komandadan 5 xal geri qalırıq. Fikrimcə, bunu aradan qaldırmaq mümkündür. Çempionatda hər komanda bir-biri ilə 4 oyun keçirir. Yəni bizi hələ rəqiblərimizlə oyunlar gözləyir. Bundan başqa, kubokda da mübarizəni davam etdiririk. Fikrimcə, şansımız var. Asan olmayacaq, lakin əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda daha yaxşı pillədə yer alaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin