“Bizim yaxşı komandamız və bu vəziyyəti dəyişə biləcək gücümüz var” – Müsahibə
“Sabah” klubunun futbolçusu Amin Seydiyevin Komanda.az saytına müsahibəsi:
- Premyer Liqada 6 turdan sonda komandanız sonuncu pillədə qərarlaşıb. Çıxışınızı necə dəyərləndirirsən?
- Komanda sonuncu pillədədirsə, artıq nə isə deməyə ehtiyac yoxdur. Əlbəttə, düşdüyümüz bu vəziyyət bizə xoş deyil. Lakin bizim yaxşı komandamız və bu vəziyyəti dəyişə biləcək gücümüz var. Çıxış yolu nədədir? Qarşıdakı oyunlarda meydanda maksimumuzu qoymaq və hər oyundan ən yaxşı nəticə ilə ayrılmaq.
- Ötən mövsüm olduğu kimi, bu mövsüm də iddialı heyət quran “Sabah” gözləntiləri qarşılaya bilmir. Səncə, problem nədədir? Baş məşqçilər dəyişir, heyət dəyişir, amma nəticə eynidir.
- Düz qeyd etdiz. Bayaq da dediyim kimi, bizim yaxşı futbolçularımız, yaxşı baş məşqçimiz və məşqçilər korpusumuz, həmçinin mehriban kollektivimiz var. Lakin bu, futboldur. Bəzən hər şey qaydasında olsa belə, nəticə istədiyin kimi olmur. Hazırkı vəziyyətdə olduğu kimi. Bəhanə kimi görünsə də, istədiyimiz nəticələri qazana bilməməyimizdə heyətimizin yeni olmasını, çempionatın ilk turlarında əsas heyətimizin bir neçə üzvünün xidmətindən istifadə edə bilməməyimizi, həmçinin bəxstizliyin müəyyən qədər rolu olduğunu deyə bilərəm. Keçirdiyimiz oyunların əksərində rəqibdən üstün oyun sərgiləsək də, qələbə qazana bilmədik. Lakin hər şey öz əlimizdədir. Bayaq da dediyim kimi, bu cür vəziyyətlə hər bir komanda üzləşə bilər və bu vəziyyətdən birlikdə çıxmalıyıq.
- Premyer Liqada hakimliklə bağlı demək olar ki, hər oyun narazılıqlar olur. Bu haqda fikirlərin nədir? “Keşlə” ilə matçdan (0:2) sonra da baş məşqçiniz Ramin Quliyev oyunun idarəçiliyindən narazı qalmışdı.
- Hakimlik barədə danışmaq istəməzdim. Mən futbolçuyam, mənim işim futbol oynamaq, baş məşqçimizin verdiyi tapşırıqları meydanda yerinə yetirməkdir.
- Hazırda çempionatda milli komandaların oyunlarına görə fasilə yaranıb. Bu müddət komandaya faydalı olacaqmı?
- Bu, komandanın toparlanması üçün yaxşı fürsət ola bilər. Çalışacağıq ki, bu fasiləni müsbət dəyərləndirək.
- Azərbaycan milli komandasının qarşıdakı oyunlar üçün açıqlanan heyətində yer almadın. Dəvət gözləyirdinmi?
- Millidə çıxış etmək hər bir futbolçu üçün böyük fəxrdir. Təəssüf ki, yığmanın son oyunlarına dəvət almadım. Qərarı millinin baş məşqçisi verir, anlayışla qarşılayıram. Mənim üzərimə düşən meydanda ən yaxşı oyunumu sərgiləməkdir. Millinin məşqçiləri uyğun görsələr, inanıram ki, dəvət gələcək.
- Oyun baxımından gerilədiyini düşünürsənmi?
- Fikrimcə, buna məşqçilər daha düzgün qərar verə bilər. Sadəcə onu deyə bilərəm ki, daim öz üzərimdə işləyirəm. Oyunlardan sonra məşqçilər heyətinin iradlarını nəzərə alır, bunun üzərində çalışıram.
- Standart vəziyyətlər zamanı demək olar ki, daha çox arxada qalan futbolçu sən olursan. Bu, nə ilə bağlıdır? Başla yaxşı oynaya bilmirsən, yoxsa hansısa fərdi keyfiyyətinə görə arxada qalıb, qayıdan topları götürmək tapşırılır?
- Standart vəziyyətlər zamanı müdafiəçilərin fərqlənməsi üçün yaxşı imkan olur. Bizdə də bu cür vəziyyətlərdə fərqlənə bilən arxa xətt oyunçuları var. Mən özüm də standart vəziyyətlər zamanı irəli çıxıram. Lakin hücumla yanaşı, rəqibin əks-hücumunda yaxalanmamaq üçün arxa xətti də diqqətdən kənarda qoymaq olmaz.
- Səncə, komandanız bu il avrokuboklara vəsiqə qazana biləcəkmi və bunun üçün nə lazımdır?
- Bayaq da qeyd etdiyim kimi, biz əlimizdən gələni edəcəyik ki, hazırkı vəziyyətdən çıxaq. Hər oyunumuza final görüşü kimi yanaşmalıyıq. Buna nə dərəcədə nail ola biləcəyik, sonda hansı pillədə olacağıq, bunları mövsümün sonunda görəcəyik.
- Həyat yoldaşın Aysun Seydiyeva Azərbaycanın qadınlardan ibarət milli komandasında çıxış edir. Milli son olaraq Danimarkayla matçda 8 qol buraxdı. Bu haqda müzakirələriniz olurmu?
- Təkcə qeyd etdiyiniz oyunla bağlı yox, bütün oyunlardan sonra ümumi fikir mübadiləsi aparırıq.
- Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində Serbiya və İrlandiya ilə oyunlarından gözləntilərin nədir?
- Hər iki yığma yaxşı komandadır. Bu komandalarla ilk görüşlər gərgin keçib. Hətta İrlandiyadan səfərdə xal almağı bacardıq. Çətin olacaq. Lakin inanıram ki, millimiz yaxşı nəticə ilə bizi sevindirəcək. Millimizə qarşıdakı matçlarda uğurlar arzulayıram.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin