“Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” – Hamşik
“Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə oyundan sonra bu görüşə hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq. Azərbaycan müdafiədə yaxşı oynayır”.
Komanda.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin kapitanı Marek Hamşik deyib.
Sabah AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransına qatılan 32 yaşlı yarımmüdafiəçi görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib:
“Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.
Hamşik son oyunda favorit statusunu təsdiqləməli olduqlarını sözlərinə əlavə edib: “Təbii ki, ilk növbədə öz oyunumuzu düşünməliyik. Hazırda bütün fikrimiz Azərbaycanla oyuna yönəlib. Favorit olduğumuzu təsdiqləməli və mütləq 3 xal qazanmalıyıq. Yalnız bundan sonra Uels – Macarıstan görüşünün nəticəsi ilə maraqlanmaq olar”.
Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Bizi Facebook-da izləyin