“Sabah” – “Beşiktaş” oyunu baş tutmayacaq? – Klub rəsmisindən açıqlama
Yerli mətbuatda “Sabah” və Türkiyənin “Beşiktaş” klubu arasında keçiriləcək yoldaşlıq matçı ilə bağlı yeni xəbər yayılıb. Bildirilir ki, Türkiyə Super Liqasının çempionat təqvimi qarşılaşmaya mane ola bilər.
Məsələni dəqiqləşdirmək üçün paytaxt təmsilçisi ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında tərəflər üçün ortaq vaxtın müəyyən edilməsinin əsas məsələ olduğunu deyib:
“Həm “Sabah”, həm də “Beşiktaş” bu oyunun keçirilməsində istəklidir. Sadəcə, matçın hər iki komandaya uyğun vaxtda keçirilməsi məsələsi var.
Bildiyiniz kimi, fevralda baş vermiş zəlzələdən sonra Türkiyə Super Liqasında müəyyən müddət fasilə yarandı və çempionatın təqvimində müəyyən dəyişiklik oldu.
Hazırda oyunun keçirilməsi ilə bağlı danışıqlar davam edir. Əsas məsələ hər iki tərəfə uyğun vaxtın müəyyən edilməsidir. Bu istiqamətdə hansısa yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə dəstək olmaq məqsədilə “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçirilib. Görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin