“Sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq” – Rəşad Sadıqov
“Zirə” sabah UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında “Omoniya” (Kipr) ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun oyunöncəsi mətbuat konfransı keçirilib. Sadıqov sabahkı matçda qələbə qazanmağın vacib olduğunu bildirib:
“Sabahkı oyundan əvvəl böyükhesablı məğlubiyyətimiz var. Təbii olaraq məyusuq. Sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq. Ümumən, komandamın avrokuboklardakı çıxışı uğurlu alınıb. Yenə də deyirəm, çalışacağıq ki əzmkar mübarizə aparaq.
Üst-üstə iki oyunda məğlub olmuşuq. Həm “Omoniya”, həm də çempionatda uduzduq. Məyus görünməyimiz normaldır. Amma ümumilikdə bu oyunları unutmuşuq, sabahkı oyuna köklənmişik. Qələb qazanmağımız bizim üçün çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Ümumiyyətlə, sabah oyunda əsas məqsədimiz hər top uğrunda mübarizə aparmaq olacaq.
Keçən il çempionatdakı 2-ci yer, həm də, builki pley-off düşünürəm hələlik karyeramın zirvə nöqtəsidir. Bu nəticələri əldə etməyimdə ən böyük pay sahibi futbolçularımdır.
“Qarabağ”la rəqibin (“Dinamo”, Zaqreb) şanslarını bərabər dəyərləndirirəm. Komandamız səfərdəki oyunu göstərə bilsə, hər şey istədiyi kimi olacaq. “Qarabağ”a uğurlar arzulayıram. Bilirəm ki, azarkeşlər də stadionu dolduracaqlar. İstər rəhbərlik, futbolçular, istərsə də azarkeşlər bir olub lazımlı nəticəni əldə edəcəklər”.
“Omoniya” (Kipr) – “Zirə” duelinin ilk qarşılaşması 6:0 hesabı ilə kiprlilərin qələbəsi ilə başa çatıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin