Sərbəst və qadın güləşçilər Minskdən qayıtdılar
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında uğurlu çıxış etmiş sərbəst və qadın güləşi üzrə yığmalarımız bu gün vətənə qayıdıb.
Komanda.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında millilərimizin qarşılanma mərasimi təşkil olunub.
Pəhləvanlarımızı Azərbaycan güləş Federasiyasının (AGF) rəsmiləri, məşqçilər, yeniyetmə və gənc güləşçilər, idmançıların yaxınları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və media nümayədələri qarşılayıb.
AGF-nin vitse-prezidenti Firdovsi Umudov güləşçilərimizin uğurunu belə şərh edib:
“Sərbəst güləşçilərimizin hamısı medal uğrunda mübarizə apardı. Onlardan beşi fəxri kürsüyə qalxdı. Komanda hesabında 2-ci yeri tutduq. Avropa çempionatında qazanılan uğurun təsadüfi olmadığını sübut etdilər. Qadınlarımız isə bir dəst medal qazandı. Həm məşqçiləri, həm də güləşçiləri təbrik edirəm. Əzmkarlıq göstərib, sona kimi mübarizə apardılar. Azərbaycan güləş ölkəsi olduğunu bir daha sübut etdi. Qazanılan qızıl medallar ümumi komanda hesabında ölkəmizin bir neçə pillə irəliləməsinə imkan verdi. Azərbaycanda idmana dövlət qayğısı var. Prezident İlham Əliyev hər zaman idmançıların yanındadır və dəstəyini əsirgəmir. Hədəfimiz Tokio Olimpiadasıdır”.
Daha sonra sərbəst güləş yığmamızın baş məşqçisi Saypulla Absaidov jurnalistlərin suallarını cavablandırıb:
“Komandanın çıxışından razı qaldım. Avropa Oyunları dünya çempionatına hazırlığın bir parçası idi. Demək olar ki, əsas heyət müəyyənləşib. Ancaq bir-iki çəkini yenidən nəzərdən keçirməyi düşünürük. Güləşçilərimizin funksional hazırlığı qaydasındadır. Onlar fiziki cəhətdən, güc və sürətə görə heç bir rəqibdən geri qalmır”.
Avropa Oyunlarının qalibi Hacı Əliyev təəssüratlarını media nümayəndələri ilə bölüşüb:
“İlk növbədə medal qazanan bütün idmançılarımızı təbrik edirəm. Şükürlər olsun, mən də Avropa Oyunlarının qalibi oldum. Finalda çox güclü rəqibə qalib gəldim. Son görüşə ertəsi gün çıxdığım üçün gücümü bərpa edə bildim. Bildiyiniz kimi, Vladimir Xinceqaşviliyə bir neçə dəfə uduzmuşdum. Artıq ona qalib gəlməyin vaxtı idi. Doğru taktikanı seçib rahat qələbə qazandım. Əsas hədəf Tokio Olimpiadasıdır. Bunun üçün dünya çempionatında lisenziya qazanmaq lazımdır”.
Minskdə ölkəmizə ilk qızıl medalı qazandıran Mahir Əmiraslanov bunları deyib:
“Qarşıma çempionluq hədəfi qoymuşdum. Çünki yaxşı təlim-məşq toplanışları keçmişdik, hazırlıq səviyyyəmiz yüksək idi. Sevinirəm ki, hədəfə çatdım. Üzərimdə əziyyəti olan bütün məşqçilərə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qələbəmi bütün əsgərlərə həsr edirəm. Mən də iyulun 1-dən hərbi xidmətə başlayacağam”.
Bir dəst medalla azarkeşləri sevindirən qadınlardan ibarət yığmamızın baş məşqçisi Aslan Ağayev komandanın çıxışını dəyərləndirib:
“Minskdəki nəticələri uğurlu saya bilərəm. Çalışacağıq ki, medallarımızın sayı gələcəkdə daha çox olsun. Əlimizdən gələni edəcəyik ki, dünya çempionatında da uğurlu çıxış edək. Daha sonra isə Tokio Olimpiadasından Vətənə medallarla qayıtmağa çalışacağıq”.
Sonda gümüş medalçı Elmira Qəmbərova bu fikirləri səsləndirib:
“Çempion olmağı çox istəyirdim. Ancaq bu nəticə də məni sevindirir. İnşallah, növbəti dəfə birinci yeri tutaram. Hər idmançı çempion olmaq istəyir. Ancaq daha çox bunu arzulayırsa, o da qələbə qazanır”.
Xatırladaq ki, Avropa Oyunlarında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş millimiz komanda hesabında ikinci, 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən qadınlardan ibarət yığmamız isə üçüncü yeri tutub.
Bizi Facebook-da izləyin