Sənan Qurbanov: “Çalışacağıq futbolçuları bu durumdan çıxaraq”
Azərbaycan Premyer Liqasının 1-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis matçı belə şərh edib:
“Çempionatın ilk oyunu idi. İstəməzdik ki, məğlub olaq. Yaxşı oynayıb, yaxşı epizodlar yaratdığımızı desəm, bəlkə başa düşülməyəcək. Amma bütövlükdə oyuna nəzarət etdik. Sadəcə hücumlar kəsərli olmadı, son nöqtəni qoya bilmədik. Məşqlərdə üzərində işlədiyimiz elementləri meydanda gördüm. Bu, sevindirici haldır.
Futbolçular üzülməməlidirlər. İlk oyundur, irəli baxmaq lazımdır. Oyunçular inkişafı düşünməlidirlər. Onlara təsir edir ki, nəticə oyuna görə olmadı. Çalışacağıq futbolçuları bu durumdan çıxaraq. Qarşıda hələ çox oyunumuz var. Hücumda son nöqtəni qoymaq problemimiz var. Təəssüf ki, hər şey edirik, amma qol çatmır. Kristian Kouakounu transfer etmişik. Amma zədələndi. Ülvi İsgəndərov hücumda tək qalıb. Ona inanırıq, gənc hücumçudur. Futbolçular özlərinə inanmalıdırlar. Bütün oyunçular üzərinə düşəni yerinə yetirməlidir. Zədələnən Anar Nəzirov da, cəzalı duruma düşən Asif Məmmədov da bizim üçün böyük itkidir. Çalışacağıq ki, onların yerini dolduraq”.
Bizi Facebook-da izləyin