Səlim Müslümova gülənlərin futbolu
Rəşad Ergün
Azərbaycanlıların böyük əksəriyyəti Səlim Müslümov kimi nazirlərin, məmurların onlardan oğurladığı pulların, sərvətin üstü açılanda necə məsxərəyə qoyurlarsa, özlərinin guya yumoristik, əslində isə duzsuz “istedadlar”ını göstərmək üçün sosial şəbəkədəki paylaşımlarda bir-birlərinin belinə necə çıxırlarsa, necə öz talelərinə biganə, vecsiz yanaşırlarsa, eyni yanaşmanı ölkənin guya futbola könül verən, futboldan az-çox anlayan kəsimi dünəndən bəri sərgiləməkdədir. O qədər vecsiz, şit yanaşma var ki, oxuduqca, izlədikcə heyrətlənməyə bilmirsən: “Şahruddin, sağ ol, “brat”, bizi böyük bəladan qurtardın”, “Şahruddin “Qarabağ”ı xilas edib”, “Viktoriya”nı zibilə saldıq” – və sair və ilaxır. Yüzlərlə, minlərlə belə fikir, paylaşım… Bütün bunları yazanlar sadə və sadəcə azarkeşlər olsa, dərd yarıdır, futbol adamları, jurnalistlərin xeylisi də qoşulub onlara.
Nəymiş, “Qarabağ” yaxşı ki, “Viktoriya”ya uduzub, yoxsa Çempionlar Liqasında “Bayern, “Barselona”, “İnter” kimi klublara rəqib olacaqmış, onlar da “Qarabağ”ı… Lənət şeytana…
Futbol biznesdir. Hətta “Qarabağ”ın hər kəlməsində “Azərbaycan, Qarabağ” deyən prezidenti Tahir Gözəldən də soruşsaz, “mənə 30 milyon manata yaxın pul lazımdır, “Qarabağ”ın Çempionlar Liqasının qrupunda kimə hansı hesabla uduzacağı yox” deyər.
Həm də, sizə kim deyib ki, “Qarabağ” “Bayern”ə, “Barselona”ya, “İnter”ə 6-7 top fərqi ilə uduzacaqdı? Həmin “İnter”lə oynamayıb “Qarabağ”? Ya İspaniyanın digər nəhəngi “Atletiko” ilə qarşılaşmayıb? “Qarabağ” bu mövsüm Çempionlar Liqasında o qədər bərbad çıxış etdi ki, “Barselona”, “Bayern”lə qarşılaşsaydı, biabırçı hesablarla uduzacağını yəqin etmisiz?
Hörmətli həmkarlar, idman mediasının dəyərli fərdləri, lütfən, özünüzə gəlin. Hər şeyə lağlağı yanaşmaq bir yerə qədər. Bir yerdən sonra, bir yerdən Orxan Fikrətoğlu kimi biri çıxır ortaya və deyir ki… Nə dediyini bilirsiz.
Bizi Facebook-da izləyin