“Səhvlər olsa da, komandamın oyunundan razı qaldım”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
“Komandamın oyunundan, mübarizədən razı qaldım. Düzdür, səhvlər oldu. Hansı ki, məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Futbolçularımız səhvsiz oynamağa çalışsalar da, alınmadı. Bura 3 xal üçün gəlmişdik. Amma buraxdığımız səhvlər bizi məğlubiyyətə apardı. İtkilərimiz var idi. David Kərimidən çox razı qaldım. Onun çıxışı alqışalayiqdi. Sərtan Taşqın da zədəlidi. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var.
Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilməz. Sadəcə, əks-hücumlarda buraxılan iki qol həlledici oldu. “Zirə”ni analiz etmişdik, bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 hücumameylli oyunçusu var, hamısı da əcnəbidi. Onların qarşısı alınmalı idi. Səhvlərimiz vardı, amma sönük oyun göstərmədik. Baxımlı oyun, istək, mübarizə var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız da oldu. Səhvlərimiz üzərində işləməli, irəliyə ümidlə baxmalıyıq”.
Bizi Facebook-da izləyin