Proqnozların əksinə bir komanda – “İmişli”

Fəxri Rüstəmli

“İmişli” çempionata sonradan qatılan bir bölgə təmsilçisi kimi çoxunun gözündə sadəcə bir “kül” idi. Üfürsən, yoxa çıxacaqdılar bəlkə. Amma komandanı yığdılar və Premyer Liqa səvviyəsinə yetişdirdilər.

Amma onlar meydana çıxanda məlum oldu ki, bu komanda yalnız rəqəmləri tamamlamağa gəlməyib. “Arxa cəbhə”də döyüşən, işini vicdanla görən, hər bir top uğrunda can qoyan futbolçulardan qurulmuş komandadır.

Meydanda “İmişli”nin futbolçuları əsl qəhrəmanlıq göstərir: zədəyə baxmadan mübarizə aparan, yorulmadan qaçan, müdafiədə sinəsini qabağa verən, hücumda isə sonadək inamını itirməyən “əjdahalar”. Onların oyununda bir ruh var – bölgənin, sadə xalqın ruhu. Sanki hər oyunda həm özlərini, həm də doğma kəndlərini, küçələrini, balaca azarkeşlərini müdafiə edirlər.

Ən önəmlisi isə, bu komandanın arxasında sistemli iş dayanır. Bəzən deyirik ki, bizdə klub idarəçiliyi yoxdur, plan yoxdur, uzunmüddətli baxış yoxdur. Amma “İmişli” bunun əksini göstərməyə çalışır. Onlar bəlkə də, maliyyə baxımından zəngin deyillər, bəlkə də, adları böyük legionerlərlə gündəmə gəlmir. Ancaq ortada görünən bir reallıq var: bu uşaqların işinin hər detalında zəhmət var, əmək var, təmənnasız fədakarlıq var.

Mətbuatdan küskün görünürlər, çox danışmırlar. Amma bu susqunluq zəiflikdən yox, daha çox güvən və ciddiyyətdən qaynaqlanır. Onlar üçün əsas söz meydandadır. Və meydanda da artıq sübut ediblər ki, hər kəsə “diş” göstərə bilərlər.

“İmişli” artıq sadəcə bir klub deyil, bölgənin ruhunu daşıyan bir nişana çevrilib. Onların oyunu təkcə xal üçün mübarizə deyil, həm də, futbolumuzda itirdiyimiz bir şeyi – saflığı, fədakarlığı, vicdanı, xatırladır.

Debütant görünür ki, Portuqaliyadan Jorj Kaşkilyanı “pul silmək” xatirinə gətirməyib. Komandada məşqçi işi var, görünür. Bir komanda 5 turda ardıcıl 3 qələbə qazanırsa və debütantdırsa, bizə yalnız alqışlamaq düşər. Təbii ki, gözə görünməyənlərin gördüyü işlər də var. Onları da nəzərə almaq lazımdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button