Şəhid övladları “Qəbələ”nin prezidenti ilə görüşüb
1 iyun 2024-cü il tarixində Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün başlamış yay düşərgəsi davam edir.
Komanda.az xəbər verir ki, cari ilin 8 may tarixində bağlanmış müqaviləyə əsasən, reallaşdırılan tədbir çərçivəsində şəhid övladlarının “Qəbələ” İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla görüşü baş tutub. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan layihənin iştirakçıları elə həmin tarixdə ad gününü qeyd etmiş mütəxəssisi alqışlarla qarşılayaraq təbrik ünvanlayıblar. Nəcəfov duyğulu anlar yaşadığını bildirib və təşəkkürünü ifadə edib.
“Qəhrəmanların övladları qarşısında çıxış etmək çox həyəcanlı və çox şərəflidir. Sizin atalarınız hər birimizin fəxridir. Onların övladlarına xidmət etmək şərəfdir. Əminəm ki, siz böyüyəndə onlara layiq övlad, şəxsiyyət olacaqsınız. “Qəbələ” tək futbol yox, idman klubudur. Bizim digər idman növləri üzrə də bölmələrimiz var və əksəriyyəti də Bakıda yerləşir. Sizi istənilən vaxt güləş, karate, boks, taekvondo bölmələrimizdə görmək, sizə xidmət etmək bizim üçün şərəf olar” deyə, Nəcəfov bildirib.
Ardından balacalar Fariz bəyə suallar ünvanlayaraq, aldıqları cavablardan məmnun qaldıqlarını qeyd ediblər.
Tədbir “Qəbələ” İdman Klubunun meydançasında əyləncəli oyunlarla yekunlaşıb.
Bizi Facebook-da izləyin