“Səbail”in Premyer Liqada qalmaq üçün şansı daha çoxdur! – TƏHLİL

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü sona doğru yaxınlaşır. Mübarizə beş turdan sonra yekunlaşacaq. Turnir cədvəlinin lideri 31 turdan sonra 78 xalla “Qarabağ”dır. Ağdam təmsilçisi çempionluq uğrunda gedən yarışda əsas namizəd hesab olunur. “Köhlən atlar” artıq növbəti mövsüm üçün avrokuboklarda çıxış etməyi də təmin ediblər.

“Qarabağ”ın ən yaxın izləyicisi “Sabah” 71 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi tarixində ilk dəfə növbəti mövsüm avrokuboklarda çıxış edəcək.

“Neftçi” ilk üçlüyü tamamlayır. “Ağ-qaralar” da mükafatçılar sırasına düşməyi bacarıb. Eyni zamanda, paytaxt təmsilçisi Azərbaycan kubokunda mübarizəni davam etdirir. Onlar yarımfinal mərhələsinin ilk matçında səfərdə Tovuzun “Turan” klubunun qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab qarşılaşması sabah baş tutacaq.

Avropaya son “bilet” kimin olacaq?

Avrokuboklara vəsiqə qazanmaq uğrunda vəsiqəni təmin edən 4-cü yer uğrunda “Qəbələ” və “Zirə” arasında amansız mübarizə gedir. “Qırmızı-qaralar” Azərbaycan çempionatının 31-ci turunun “Sumqayıt” ilə matçında 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirərək yekunda 3:2 hesablı qələbəyə sevinib. “Zirə” isə “Qarabağ” səfərindən bir xalla qayıda bilib – 2:2.

Çempionatın sonuna beş tur qalmış “Qəbələ”nin və “Zirə”nin oyun təqvimi bu cürdür:

Qəbələ

  1. “Qəbələ” – “Səbail” (32-ci tur)
  2. “Qarabağ” – “Qəbələ” (33-cü tur)
  3. “Qəbələ” – “Turan Tovuz” (34-cü tur)
  4. “Şamaxı” – “Qəbələ” (35-ci tur)
  5. “Qəbələ” – “Kəpəz”(36-cı tur)

Zirə

  1. “Zirə” – “Turan Tovuz” (32-ci tur)
  2. “Şamaxı” – “Zirə” (33-cü tur)
  3. “Zirə” – “Kəpəz” (34-cü tur)
  4. “Sabah” – “Zirə” (35-ci tur)
  5. “Sumqayıt” – “Zirə” (36-cı tur)

“Səbail”in elitada qalmaq üçün şansı daha çoxdur!

Elitada qalmaq uğrunda aşağı pillələrdə yer alan “Sumqayıt”, “Şamaxı” və “Səbail” arasında mübarizə diqqət çəkir. Adıçəkilən kollektivlər 31 turdan sonra müvafiq olaraq 25 (Sumqayıt), 23 (Şamaxı) və 22 (Səbail) xal toplayıblar.

Ölkə çempionatının sonuncu turunda “kimyaçılar” evdə “Qəbələ”yə uduzdu (2:3). “Şamaxı” “Kəpəz”lə, “Səbail” isə “Neftçi” ilə evdə “sülh”ə razılaşdı – 1:1.

Premyer Liqanın yekunlaşmasına beş tur qalmış “Sumqayıt”, “Şamaxı” və “Səbail”in oyunlarına baxanda “kimyaçılar”ın təqviminin ağır olduğu görünür. Samir Abasovun komadasını qarşıdakı turlarda “Sabah”, “Qarabağ”, “Zirə”, “Səbail”lə çətın görüşlər gözləyir.

Elə “Şamaxı”nın da təqvimini asan saymaq olmaz. Bölgə təmsilçisi “Sabah”ın, “Neftçi”nin qonağı olacaq, “Zirə” və “Qəbələ”ni qəbul edəcək. Və… “Səbail”lə səfərdə üz-üzə gələcək.

“Səbail”in taleyi digər iki komandaya nisbətən daha çox öz əlindədir. Şahin Diniyevin komandası 5 oyundan ikisini elitada qalmaq uğrunda mübarizə apardığı “Sumqayıt”la “Şamaxı”ya qarşı keçirəcək. “Dənizçilər” üçün çətin sayılan iki oyun var ki, bunlar da “Qəbələ” və “Qarabağ”la qarşılaşmalar olacaq.

Sumqayıt

  1. “Kəpəz” – “Sumqayıt” (32-ci tur)
  2. “Sumqayıt” – “Səbail” (33-cü tur)
  3. “Sumqayıt” – “Sabah” (34-cü tur)
  4. “Qarabağ” – “Sumqayıt” (35-ci tur)
  5. “Sumqayıt” – “Zirə” (36-cı tur)

Şamaxı

  1. “Sabah” – “Şamaxı” (32-ci tur)
  2. “Şamaxı” – “Zirə” (33-cü tur)
  3. “Neftçi” – “Şamaxı” (34-cü tur)
  4. “Şamaxı” – “Qəbələ” (35-ci tur)
  5. “Səbail” – “Şamaxı” (36-cı tur)

Səbail

  1. “Qəbələ” – “Səbail” (32-ci tur)
  2. “Sumqayıt” – “Səbail” (33-cü tur)
  3. “Səbail” – “Qarabağ” (34-cü tur)
  4. “Turan Tovuz” – “Səbail” (35-ci tur)
  5. “Səbail” – “Şamaxı” (36-cı tur)

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button