PFL rəsmisindən açıqlama – Yaşının saxtalaşdırılması şübhəsi olan Əmirquliyevlə bağlı
“Səbail”in futbolçusu Rahid Əmirquliyev Premyer Liqasının 5-ci turunda “Zirə” ilə matçda (1:2) iştirak edərək, çempionatda 422-ci oyununa çıxıb və bu göstəricidə mütləq rekordçu olub.
Azərbaycan milli komandasının da sabiq üzvü olan yarımmüdafiəçinin çempionatda debütü 2003/2004 mövsümünə təsadüf edib. Hazırda 32 yaşı olan Rahid hesablamalara görə, Premyer Liqada 13 yaşında debüt edib. Əmirquliyevin belə yaşda debüt etməsi maraqla qarşılanıb. Onun yaşının saxtalaşdırılması şübhəsi yaranıb.
Bəs, bir futbolçunun Azərbaycan çempionatında 13 yaşında oyuna çıxmaq hüququ varmı?
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovla danışdıq. PFL rəsmisi Rahid Əmirquliyevin oyun sayı ilə bağlı hesablamalarda yanlışlığın olmadığını bildirib:
“Bizdə futbolçuların arxiviylə bağlı məlumatlar var. Bu, hazırda elektron sistemlə hesablanır. Bundan əvvəl isə ənənəvi üsulla hesablanırdı. Rahidin 422-ci oyuna çıxması məsələsində yanlışlıq yoxdur. Hesablama aparılıb və say düzdür. Hər hansı bir səhvlik yoxdur”.
Abbasov, 13 yaşlı futbolçunun Azərbaycan çempionatında iştirak etməsinin qanunlar çərçivəsində olduğunu da bildirib:
“Futbolçuların peşəkar kimi qeydiyyatdan keçməsi üçün hər hansı yaş məhdudiyyəti yoxdur. Amma 18 yaşadək futbolçular klubla müqavilə imzalayan zaman valideynin iştirakı mütləqdir. İndi də divizionda 2004, 2005 təvəllüdlü uşaqlar var. Onlar valideynin iştirakı ilə klubla müqavilə bağlayıb və oyunlarda iştirak etmək hüququ əldə edib. Bu, Oyunçuların Statusu və Keçidi Komitəsinin əsasnaməsində də var. 18 yaşına çatmayan futbolçu valideynin iştirakı, razılığı ilə klublarla müqavilə imzalayır”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin