
“Səbail”i böyük zövqlə yaradanlar, hardasız?
Rəşad Ergün
Bu günlərdə məşqçi kimliyinin qarşısına “sabiq” sözü yazılan Cavid Hüseynovun “Səbail”lə bağlı verdiyi açıqlamalar dəşhətli, vəhşətli idi:
“Tək qalmışam, özümüzü yiyəsiz komanda kimi hiss edirik”.
Bu açıqlamaların ardından dərhal sonra qovulan, “Səbail”in baş məşqçisindən sabiq baş məşqçisinə çevrilən Hüseynovun dedikləri təkcə bir komandanın faciəsi deyil, Azərbaycan futbolunun tablosudur. Qara rəngin bütün rənglərdən daha çox üstünlük təşkil etdiyi tablo.
“Səbail”in başına gələnlər “Standart”ın, “Rəvan”ın, “Bakı”nın, “Masallı”nın, “MKT-Araz”ın, “Xəzər Lənkəran”ın… Çoxunun başına gəlib, gətirilib… Bundan sonra da daha neçə-neçə “Səbail”lər olacaq, onların da başına gələcək, gətiriləcək.
Yaxşı, demək olar ki, azarkeş kütləsi olmayan, Bakıdakı komanda sıxlığının arasına özünü pərçim edən “Səbail”in Premyer Liqanı tərk etməsini çoxu arzulayır. Amma məsələ “Səbail”, sadəcə bir komanda deyil ki. Məsələ budur ki, üzr istəyirəm, yaradılarkən böyük zövqlə yaradılan, sonra Allahın və AFFA-nın ümidinə buraxılan bütün bu komandalar sonradan qeyri-qanuni izdivacdan dünyaya gələn “bic uşaqlar” kimi niyə ortada qalmalıdır? Hanı “Səbail”i böyük zövqlə yaradanlar? Hardadırlar? Gəlin, “uşağınız”a yiyə durun.
Bizi Facebook-da izləyin



