“Səbail” – “Şamaxı”: Premyer Liqada qalmaq kimin haqqıdır?

Mayın 27-də Azərbaycan Premyer Liqasında sonuncu turun oyunlarına start veriləcək. Elə həmin gün turun ən həlledici qarşılaşması da baş tutacaq. Söhbət “Səbail” – “Şamaxı” matçından gedir.

AFFA-nın cari mövsümün sonunda Premyer Liqanı bir komandanın tərk edəcəyini bəyan etməsindən sonra elitada qalmaq uğrunda mübarizə də yenidən “alovlanıb”. Premyer Liqanı tərk etməyə isə iki namizəd var: “Səbail” və “Şamaxı”. Hazırda paytaxt təmsilçisi Şamaxı komandasını turnir cədvəlində bir xal qabaqlayır. “Səbail” 26 xalla 9-cu, “Şamaxı” 25 xalla 10-cu pillədə qərarlaşıb. Bu iki komandanın elitada qalmaq üçün taleyinin öz əlində olması son tura diqqəti xeyli artırıb. 36-cı turun matçı bu komandalardan hansının birinci diviziona düşəcəyini göstərəcək.

“Səbail”lə “Şamaxı”nın heyətləri, oyun üslubları, xülasə, çox şeyləri fərqlidir. Bölgə təmsilçisi yerli futbolçulara güvənirsə, Şahin Diniyevin komandasında legionerlərin sayı kifayət qədərdir. Bu komandalardan hansının Premyer Liqada qalmağa daha çox layiq olduğunu öz aralarında keçirəcəkləri oyun göstərəcək. Biz isə kiçik bir statistikanı xatırladaq.

“Səbail”lə “Şamaxı”nın bu mövsüm baş tutan qarşılaşmalarında üstünlük bölgə komandasındadır. Üç oyundan ikisində heç-heçə qeydə alınıbsa, bir matçda Şamaxı təmsilçisi qələbəyə sevinib:

3-cü tur
Şamaxı – Səbail 1:1

11-ci tur
Səbail – Şamaxı 0:0

19-cu tur
Şamaxı – Səbail 2:1

Vurulan və buraxılan qol sayına gəlincə, “Səbail” geridə qalan 35 turda rəqib qapılarına daha çox yol tapıb: 31 dəfə. “Şamaxı”da bu göstərici 26-dır. Amma buraxılan qol sayı məsələsində də bölgə komandasının üstünlüyü diqqət çəkir. “Şamaxı” 35 tur ərzində qapısından 51 top buraxıbsa, “Səbail” 62 dəfə oyuna mərkəzdən başlamalı olub.

Statistika adətən çox şeyi ifadə etsə də, nəticəni müəyyənləşdirən insan amili olur. Mayın 27-də, saat 20:00-da başlayacaq “Səbail” – “Şamaxı” matçında da son sözü insanlar – məşqçilər, futbolçular deyəcək.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button