“Səbail”də mükafat təkcə “Qarabağ”la oyunlar üçün nəzərdə tutulmayıb – Müsahibə
“Səbail” komandasının baş məşqçisi Aftandil Hacıyevin Komanda.az saytına müsahibəsi:
- Komandanız son olaraq 8-ci turda “Qarabağ” üzərində inamlı qələbə qazandı (3:1). Bu qələbənin sirri nədədir?
- Komanda olaraq özümüzə inanırdıq. Hər oyuna hazırlaşdığımız kimi hazırlaşmışdıq. Futbolçuların özünə yüksək inamı belə nəticəyə gətirib çıxardı.
- Oyundan əvvəl belə hesablı qələbə qazanacağınızı düşünürdüzmü, oyunçularda qələbəyə inam var idimi?
- Bəli, qeyd etdiyim kimi, inam var idi. Ancaq bele hesabla qalib gələcəyimizi düşünmürdük.
- Turnir cədvəlində 5-ci sıradasız. Komandanın ümumi çıxışını necə qiymətləndirirsiz?
- Hazırda turnir cədvəlinə o qədər nəzər yetirmirik. Məqsədimiz hər oyun daha da yaxşı çıxış etməkdir. Sadəcə, hər oyundan sonra cəza və ya zədə səbəbindən 2-3 futbolçudan istifadə etməkdən məhrum oluruq. Bu da işimizi bir qədər çətinə salır. Ancaq çalışırıq əlimizdə olan hər bir futbolçudan düzgün istifadə edək.
- Çempionatda ən çox qol buraxan komandasız. Buna səbəb müdafiəçilərin inamsız çıxışıdır, yoxsa qapıçı problemi?
- Ən başlıca səbəb gec komplektləşməyimizdir. Müdafiə xəttinə cəlb etdiyimiz futbolçuların bir çoxu çempionatın startında komandaya qoşuldular. Hər birinin ayrı-ayrılıqda uyğunlaşma prosesi ayrıca vaxt tələb edir. Qapıçıların isə hər biri ötən mövsüm oyun praktikasından uzaq olduqlarına görə, çempionatın əvvəlində səhvlərlə yadda qaldılar. İndi isə daha çox oyun praktikası qazanırlar və getdikcə daha da yaxşı olacaqlar.
- Maaş məsələsi “Səbail”də bitməyən mövzulardandır. Hər il eyni söhbətlər olur. Ya maaş azalır, ya da vaxtında verilmir. Buna nə qədər dözəcəksiz?
- Əsas odur ki, problem həll olunmamış qalmır. Hər birimiz başa düşürük ki, çempionatın əvvəlində sənədləşmə prosesi bir qədər uzun çəkə bilir. Hazırda bu barədə ciddi problem yaşamırıq.
- Klub rəhbərliyinin qarşınıza avrokuboklar üçün oynamaq hədəfi qoymaması komandanın oyunlarına necə təsir edir?
- 8 komandanın 8-i də avrokuboklara gedə bilməz. Nəzərə alaq ki, 4 komanda vəsiqə qazanır. Biz isə çalışırıq ki, futbolçuları idman prinsiplərindən uzaq tutmayaq və hər oyun maksimum nəticə qazanmaq üçün meydana çıxaq. Əsas məqsədlərimizdən biri də yerli futbolçulara şərait yaratmaqdır.
- Heyətinizdə Ədilxan Qarəhmədov, Turan Manafov kimi gənc və perspektivli futbolçular var. Onları komandada saxlamaq çətin olmayacaq? Xüsusilə, Turanın adı yayda bir neçə klubla hallansa da, “Səbail”də qalmağı seçmişdi.
- Gənc futbolçuların inkişafı üçün bu gün “Səbail”də hər bir şərait var. Düşünürəm ki, Ədilxan Qarəhmədov və Turan Manafov öz sabit çıxışları ilə gələcəkdə daha yaxşı səviyyəyə çıxa bilərlər. Əsas məqsədlərimizdən biri də onları milli komanda üçün yetişdirməkdir.
- Qışda heyətinizi gücləndirmək üçün çalışmalar olacaqmı? İndidən diqqətinizdə olan oyunçular varmı?
- Könül istərdi ki, heyəti gücləndirək. Amma indidən şərtlərimiz bəlli olmadığına görə, bu haqda nəsə demək çətindir. Hazırda çempionatdakı oyunlar haqda düşünürük. Qış fasiləsinə qədər rəhbərliklə bu barədə danışıqlar olacaq. Bizim istəyimizlə yanaşı, seçdiyimiz oyunçular da şərtlərə uyğun olmalıdır.
- Çempionatda legioner limiti məsələsi çox müzakirə olunur. Sizin mövqeyiniz nədir? Nəzərə alaq ki, heyətində ən az legioner olan komandalardansız.
- Limit məsələsi geniş müzakirə olunmalı mövzudur. Bu haqda danışarkən yerli futbolçuları da düşünmək lazımdır. Yerli futbolçuların fəaliyyətinə davam etməsi üçün ya komandaların sayını artırmaq, ya da 1-ci diviziondakı komandaların səviyyəsini artırmaq lazımdır.
- “Qarabağ”la oyundakı qələbədən sonra rəhbərlik tərəfindən hansısa mükafat verildimi?
- Nəinki “Qarabağ”, digər bütün komandalarla oyunlarda da mükafat nəzərdə tutulub.
- Sizə milli komandadan təklif gəlsə, cavabınız nə olar?
- Hazırda milli komandanın “sükanı arxasında” baş məşqçi var və fəaliyyətini davam etdirir. Bunu cavablamağım etik deyil. Milli komandanın heyətində uzun illər çıxış etmiş biri kimi qeyd edə bilərəm ki, hər birimizin qürur yeridir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin