Sən saydığını say, gör “Qarabağ” nə sayır!

Vüsal “Aydın” Qəmbərov

37 ili ötər ki, futbola baxıram. Hər turniri, hər yarışı, hər ulduz futbolcunu, hər komandanı izləmişəm. Çalışıram bu gün də futboldakı əsas mahiyyəti izləyim. Dünyanı şoka salan sürpriz nəticələr görmüşəm. Koreyanın DÇ-nin yarımfinalında iştirakını, Yunanıstanın Avropa çempionu olmasını, “Los Qalaktikos”un dövründə “Portu” – “Monako” Çempionlar Liqası finalını, dramatik oyunları. Son dövrlərdə də məsələn, data əsaslı idarəetmə ilə futbolu dəyişdirən “Sport Republic” kimi şirkətləri, “Union Sent Jillua”, “Midtülland” kimi klubları izləyirəm. Mirça Luçeskunun “Şaxtyor”unu da görmüşük, Valeri Lobanovskinin “Dinamo”sunu da, Fatih Terimin “Qalatasaray”ını da, APOEL-in ÇL-in 1/4 finalına qədər irəliləməsini də.

Bizdən öncəkilər görübsə, deyərlər, futbol tarixində “Qarabağ”ın yazdığını heç kim yazmayıb. Söhbət nədən gedir?

  • Azərbaycanın bütün vərdişlərinə zidd gedib, strateji baxışla, səbrlə iş görmək.
  • Bizdən futbolçunun çıxa bilməyəcəyinə inanan ölkədə 1-2 legioner və əksəriyəti 20 yaşdan cavan uşaqlarla ilk mövsümdəcə “Rusenborq” və “Honka”nı keçib özündən xeyli güclü “Tvente”yə sadəcə təcrübəyə görə uduzmaq.
  • Ondan sonrakı mövsümlərdə də daim əsas heyətdə yerli futbolçulara yer tapmaq və uğurlu olmaq.
  • Dünyanın itmiş-batmış liqalarından heç kimin tanımadığı futbolçuları necəsə tapıb, ÇL-də “Oyunun ən yaxşısı” mükafatına qədər yüksəltmək. Sonra da bir neçə milyona satmağa belə, razı olmamaq.
  • Qabağındakı rəqib kim olur olsun, müdafiəyə çəkilmədən, cəsur futbol oynamaq. Nə baş versə də, bu şakərindən əl çəkməmək.
  • Bütün mövsüm ərzində cəmi bir oyunda uduzan və heç bir matçda qola rəqibindən daha az yaxın olmayan “Bayer”ə cəmdə 4:5 uduzmaq və son iki qolu ikinci oyunun əlavə olunmuş dəqiqələrində buraxmaq. Özü də 10 nəfərlə. İlk oyunda hesab 2:2 olsa da, rəqibi qol gözləntisindən aşkar üstələmək.
  • O möhtəşəm mövsümdə heyəti qoruduqdan sonra əsas mərhələlərdə iştirakının ən zəif nəticəsini göstərdi “Qarabağ”.
  • Hər dəfə bir lider gedir, yerinə mütləq kimsə tapılır. Marko Veşoviçin başına and içirdik, indi Mateus Silva elə oynayır ki, o heç yadımıza da düşmür.
  • Mövsümə hücumçusuz daxil olduq, 2 oyunu 6 xal və 5 qol ilə yekunlaşdırmışıq. Beş qolun hərəsini bir nəfər vurub.
  • Komandanın ürəyi, dirəyi deyilən Marko Yankoviç zədələndi, onsuz belə, komanda meydanın mərkəzində mükəmməl oynadı.
  • Ağıllı-ağıllı analitikadan girib, sistemdən çıxan, müasir futbolun qaydalarından girib, heyətin komplektləşməsindən çıxan hamını susdurdu “Qarabağ”. Artıq “Qarabağ”ın müsbət və ya mənfi, heç bir nəticəsinə təəccüblənməmək lazımdır.

Gedişat onu göstərir ki, bu mövsüm “Qarabağ” üçün tarixi olacaq. 10 və ya 11 xal və yaxşı top fərqi ilə Çempionlar Liqasında pley-offa adlamaq olar. Yəni, qalan 18 xaldan 5-ni götürmək bəs etməlidir. Bu “Qarabağ”ın hətta artığını belə, götürməyə gücü çatar. Lap alınmasa belə, artıq “Qarabağ” bu mövsümü “unudulmazlar” arasına yazıb. Bu arada, tendensiyaya baxanda, ehtimal ki, gələn mövsüm çox da yüksək notda keçməyə bilər.

Amma bu, “Qarabağ”dır. Sən saydığını say, gör Qurban Qurbanov nə sayır…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button