Səbrimiz çatar gözləməyə?
Natiq Muxtarlı
Artıq yeni futbol mövsümü başlayır, “Qarabağ” Çempionlar Liqasında ilk qarşılaşmasına çıxacaq. Amma qəribədir ey, adama elə gəlir ki, Azərbaycan futbol təsərrüfatında idarəetmə strukturu yoxdur. “Qu” deyirsən, qulaq tutulur. Hanı Rövnəq Abdullayev? Gərəkdir ki, indi çıxıb deyəydi ki, klublarımızın avrokubok qarşılaşmalarında “pley-off” qaydalarına əməl edəcəklərinə inanıram.
Hanı Ramin Musayev? Axı çoxdan müsahibə verməli, hansı komandanın neçə mərhələ keçəcəyini deməli idi.
Elxan Məmmədovu niyə demirsiz? Daha saman altdan su yeridəcək fikirlər səsləndirmir avrokuboklardan əvvəl. Başı qarışıb Avropada veteran futbolçularla şəkil çəkdirməyə.
Narahatıq hə, belə durumdan? Narahat olarıq də. AFFA kimin ümidinə qalıb? Kim aparır orada intriqaları? Kim verir tapşırıqları? Axı ola bilməz ki, bu təsərrüfatda “oyunlar” bitsin. Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov sağdırlar, sadəcə vaxtlarını dayandırıblar. Müşahidə aparırlar, həm yeni “oyun” qurmaq istəyirlər, həm də “oyun”dan salamat çıxmaq niyyətindədirlər.
Ancaq öz aramızdır, onlarsız cansıxıcıdır futbol təsərrüfatı. Nöşün? Ona görə ki, onlar olduqca, Azərbaycanda futbol olmayıb. Məcbur olmuşuq, onların qurduqları intriqalara azarkeşlik edək. İndi çəkiliblər pusquya. Biz də darıxırıq. Necə olsun, qayıtsınlar, yoxsa bir azca da səbr edək, Azərbaycanda futbol olsun? Zatən, onlar olan yerdə futbolun olmayacağını bilirsiz axı. Səbrimiz çatar gözləməyə?
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin