“Səbail” bu heyətlə avrokuboklara vəsiqə qazana bilər”
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a 3:0 hesabı ilə qalib gələn “Səbail”in futbolçusu Adil Nağıyev matçdan sonra müsahibə verib.
Komanda.az xəbər verir ki, o, klubda olan problemlərlə bağlı bunları deyib:
- Hər bir komandada gecikmələr, bu kimi problemlər baş verə bilər. Biz öz işimizi görürük. Məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. Bu gün də qələbə üçün çox güc sərf etdik. Futbolçuların hamısına təşəkkür düşür. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanarıq.
- Rəqib komandanın prezidenti Riad Rəfiyev məğlubiyyətin səbəbini hakim qərəzində gördüyünü bildirdi. Bu fikirlərə münasibətin nədir?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Qərəzdən söhbət gedə bilməz. Rəqibin da penalti şansı vardı, yararlana bilmədilər. Hakimin oyunu normal idarə etdiyini düşünürəm. Biz də layiqli qələbə qazandıq.
- İlk dəqiqədə Peyman Babayinin qapıçınız Kamal Bayramovla toqquşduğu epizodla bağlı fikirlərin nədi?
- Hakim orda ən yaxşı halda sarı vərəqə verə bilərdi. Epizod cərimə meydançasından kənarda idi, penalti epizodu deyildi. Hakim də cavan idi, problem olduğunu düşünmürəm.
- Bu mövsüm komandanın qarşısına hansı məqsədlər qoyulub?
- Ötən mövsüm də komandanın əsas hədəfi yüksək yerlər uğrunda mübarizə aparmaq, maksimum xal qazanmaq idi. Bu mövsüm də məqsədimiz yaxşı komanda qurmaq, sərfəli nəticələr qazanmaqdır. Biz də mümkün qədər çox xal qazanmaq istəyirik.
- Bu heyətlə avrokuboklara vəsiqə qazana bilərsiz?
- Əlbəttə. Bizim çempionatda bu komanda yüksək yerlər uğrunda mübarizə apara biləcək heyətə malikdir. Düzdür, legioner futbolçular azdır, amma yerli futbolçulardan ibarət yaxşı komandamız var.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin