Rəşad Sadıqov: “Davit Volkovun zədəsi ciddi görünür”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər.
Matça gəlincə, maraqlı və gərgin oyun alındı. İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda isə matçın tempi qalxdı. Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. “Neftçi” bura iddialı gəlmişdi.
Rəqibin 5-3-2 sxemi ilə oynayacağını gözləyirdik. Amma heyətləri görəndən sonra bəzi dəyişikliklər etdik. Bu gün 4 müdafiəçi ilə oynayırdıq. Sadəcə, Hacıağa Hacılı bir qədər arxa xəttə yaxın oynayırdı. Mənə görə, 5-li müdafiə sistemini ən yaxşı Antonio Konte oynadır. Bütün sistemlərə yaxından bələd olmağa çalışıram. İstənilən halda, qarşındakı rəqibi nəzərə almalısan. Bu oyun üslubu sevdiyim sistem deyil. Məcburiyyətdən buna əl atdıq”.
Baş məşqçi 77-ci dəqiqədə zədələnən Davit Volkovun durumunun ciddi olduğunu vurğulayıb: “Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq”.
Bizi Facebook-da izləyin