Rəcəbov bu gün daha 5 görüş keçirəcək – 100000 dollarlıq turnirdə
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Komanda.az xəbər verir ki, “Opera Euro Rapid”də Azərbaycanı təmsil edən Teymur Rəcəbov Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşacaq.
Rəcəbəv ilk yarış günündə beş görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn azərbaycanlı şahmatçı, ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə, beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.
Hazırda Rəcəbovun aktivində 5 oyundan 3 xal var. O, fransalı Maksim Vaşye-Laqrav və niderlandlı Aniş Giri ilə birgə 4-6-cı yerləri bölüşür. Turnir cədvəlinə 4 xalla Maqnus Karlsen başçılıq edir. ABŞ təmsilçisi Uesli So və rusiyalı Yan Nepomnyaşi hərəyə 3,5 xalla 2-3-cü yerlərdə qərarlaşıb.
“Opera Euro Rapid”in ümumi mükafat fondu 100 000 dollardır. Qalib 30 000 dollar qazanacaq.
İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.
Rəcəbov Çempionlar Turunun ikinci mərhələsində – “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.
“Opera Euro Rapid”
7 fevral
6-cı tur: Teymur Rəcəbov – Aniş Giri (Niderland)
7-ci tur: Yan Nepomnyaşi (Rusiya) – Teymur Rəcəbov
8-ci tur: Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)
9-cu tur: Vidiş Santoş Qucarati (Hindistan) – Teymur Rəcəbov
10-cu tur: Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov
Bizi Facebook-da izləyin