Rəcəbov Aronyanla heç-heçə etdi, 1/4 finala yüksəldi
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində son 5 turun görüşləri baş tutub.
Komanda.az xəbər verir ki, “Opera Euro Rapid”də Azərbaycanı təmsil edən Teymur Rəcəbov bu gün Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə üz-üzə gəlib.
Azərbaycan şahmatçısı bütün görüşlərindən heç-heçə ilə ayrılıb. 34 yaşlı qrossmeysterimiz seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci pillədə başa vurub. Nəticədə Rəcəbov pley-offa vəsiqə qazanan 8 şahmatçıdan birinə çevrilməyi bacarıb. Onu qarşıda 1/4 finala görüşləri gözləyir.
“Opera Euro Rapid”in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.
Bizi Facebook-da izləyin