Rüstəm Orucov koronavirusa yoluxdu
Azərbaycanın kişilərdən ibarət cüdo üzrə millisi fevralın 15-dən İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etmək üçün adıçəkilən ölkəyə yola düşüb.
Komanda.az xəbər verir ki, səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, heyət üzvlərinin hamısından PCR testi götürülüb. Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb. Digər idmançılarımızda testin nəticəsi neqativ olduğu üçün müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra heyət üzvləri İsrailə yola düşüblər.
BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Təl-Əviv şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrin nümayəndələrindən olduğu kimi, yenidən PCR testi götürülüb. Bakıda PCR testi nəticəsi neqativ çıxan iki idmançıda – Rüstəm Orucov və Murad Fətiyevdə bu dəfə testin nəticəsi pozitiv çıxıb.
BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda təcrid edilirlər. Hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri İsrailin qaydalarına əsasən 5 günlük karantinə alınıblar.
Heyət üzvləri özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi problem yoxdur və daimi həkim nəzarəti altındadırlar.
Bizi Facebook-da izləyin