Rüstəm Orucov yeni təyinatından danışdı
“Atletlər Komissiyasına üzv olmaq, cüdonun davamlı böyüməsinə və inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzv olması barədə qurumun rəsmi saytına açıqlamasında deyib.
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, onların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün öz fikir və tövsiyələrini təqdim etməyə hazır olduğunu bildirib.
Göygöldə keçirilmiş Avropa Kuboku barədə də danışan Orucov bu cür yarışların bölgədə cüdonun inkişafına kömək etdiyini vurğulayıb: “İlk dəfə olaraq Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Göygöldə 18 ölkənin iştirak etdiyi beynəlxalq turnir təşkil olunub. Bölgədə bu cür yarışın keçirilməsi paytaxt Bakı ilə müqayisədə müəyyən çətinliklər yaratsa da, cüdonun potensialını beynəlxalq arenada nümayiş etdirəcək”.
Təcrübəli cüdoçu gənc idmançıların karyerasında Göygöl Avropa Kuboku kimi beynəlxalq turnirlərin əhəmiyyətindən də söz açıb. O, yeniyetmə vaxtlarında bu cür turnirlərdə iştirak etdiyini və heç də həmişə uğur qazanmadığını etiraf edib. Bununla belə, Orucov heç vaxt motivasiyasını itirmədiyini və daha çox çalışdığını vurğulayıb.
O, gənc idmançılara heç vaxt arzularından əl çəkməməyi və məqsədlərinə doğru yorulmadan irəliləməyi tövsiyə edib.
Bizi Facebook-da izləyin