Rusiyalı prezident istefa verdi, Putinin qara kəməri geri alındı

Avropa Cüdo İttifaqının rusiyalı prezidenti Sergey Soloveyçik postundan ayrılıb.

Komanda.az xəbər verir ki, onun istefasına Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzü səbəb olub.

O, yazılı açıqlamasında 2007-ci ildən tutduğu postundan getdiyini bəyan edib. Rusiyalı funksioner son olaraq 2020-ci ildə təkrar olaraq bu posta seçilmişdi. Qurumdan verilən məlumata görə, bundan sonra vitse-prezident olan almaniyalı Otto Knaytinger prezidentin səlahiyyətlərini yerinə yetirəcək.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin də Avropa Cüdo İttifaqının (ACİ) fəxri prezidenti statusunu itirmişdi. Bu barədə ACİ rəsmi məlumat yaymışdı. Bildirilib ki, dövlət başçısının fəxri prezident statusu əlindən alınıb. Daha öncə Beynəlxalq Cüdo Federasiyası da Vladimir Putinin fəxri prezident statusunu ləğv etmişdi.

Yeri gəlmişkən, Ümumdünya Taekvondo Federasiyası (WTF) da Rusiya Prezidenti Vladimir Putindən fəxri 9-cu dan qara kəməri geri alıb. Bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu addım Ukraynaya hərbi müdaxilə ilə əlaqədar atılıb. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarına və himnlərinin səslənməsinə icazə verilməyəcək. Bundan başqa, hər iki ölkədə beynəxalq dərəcəli yarışlar keçirilməyəcək.

Putinə fəxri 9-cu dan qara kəmər 2013-cü ilin noyabrında verilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button