
Runi “Mançester Yunayted”i tənqid etdi – Maquayra görə
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi Premyer Liqanın 4-cü turunda “Mançester Siti” ilə keçirilən oyunda (0:3) Harri Maquayrın əsas heyətdə yer almamasına etiraz edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandanın oyununda ehtiras və qətiyyətin olmadığını da bildirib:
“Harri start heyətində olmalı idi. Cimmi Floyd Hasselbaynk da bu haqda danışdı və İngiltərə millisinin Avropa çempionatında Maquayrsız necə əziyyət çəkdiyini vurğuladı – çünki o, liderdir.
Mən oturub düşünürdüm: nə üçün o, müdafiədə oynayan üçlüyə qoşulmadı? O, orada olmalı idi.
Komandanın oyununda ehtiras və qətiyyət yox idi. “Etihad”da oyunu uduzmaq olar, amma mən bircə dəfə də olsun sürüşmə fəndi görmədim – nə 0:2, nə də 0:3 hesabı olanda. Kimsə demədi ki, “bəsdir!” Mən buna dözməyəcəm. Kiminsə sarı vərəqə almasını, qətiyyət göstərməsini görmək istərdim. Bu, ehtirasdır, istəkdir”.
Premyer Liqanın ilk dörd turunun nəticələrinə əsasən, “Mançester Yunayted” cəmi 4 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



