Rozanın ombası, Aygünün sinəsi
Kürşad
Uçuruq, sevinirik, gözümüz ayağımızın altını görmür.
Bə nəəəə! Azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiyanın köklü klublarından olan “Dinamo”ya transfer olunub. Biz sevinməyək də, bə kim sevinsin?
Rusiya mühitində böyüyən, inkişaf edən, inadkar, zəhmətkeş Şeydayev bu gedişlə daha böyük klubların qapısından içəri girəcək. Girməlidir də, onda bu potensial, inam, inadkarlıq var.
Bə yaxşı, niyə başqa azərbaycanlı futbolçular – Əlməmməd, Gülməmməd Ramil kimi olmasın? Bunun üçün hökmdür ki, ölkəni dəyişib, gedib “vodka”nı puldan da, maldan da, candan da çox sevən rusların arasında yaşayasan, böyüyəsən?
Yaxşı futbolçu olmağın şərtlərindən biri odur ki, o vaxt İslam peyğəmbərinə qeybdən gələn “oxu!” əmrini öz həyatlarına tətbiq edib, bunu ancaq “Quran”, “Yasin” surəsi oxumaq kimi qavrayan dədə-babaların yoluyla getməyəsən, arada açıb Şekspiri, Heminqueyi, Kafkanı, Xalid Hüseynini oxuyasan.
Yaşadığın dünyadakı yenilikləri yeni mobil telefonlarla, avtomobil markaları ilə məhdudlaşdırmaq səni Biləcəridən o tərəfə keçirməz. İnanırsansa ki, o biri dünyada sırat körpüsü var və sən o körpünün üstündən keçəcəksən, heç o körpüdən də keçə bilməzsən.
Qız görəndə “nə bomba şeydür, ala” deyərək, əldən-ayaqdan gedib, özünü qıza göstərmək cəhdlərinin heç olmasa yarısını baş məşqçiyə, rəqib komandaların məşqçilərinə, azarkeşlərə göstərmək də caizdir, mütləqdir, dinin… pardon, futbolun vacib şərtlərindən biridir.
Formasını geyindiyin komandanın, rəqiblərin oyunlarına pul qoymaq, əlqərəz, qumar oynamaq böyük günahdır və haramdır. Günah və haramlıqdan əlavə, bu, səni bataqlığa sürükləyər, əlində nəyin var, nəyin yox, itirərsən.
Musiqi zovqün və bildiklərin Rozanın ombasına, Aygünün sinəsinə baxmaqdan, “iki dənə ceyran götürək, dənizə gedək” oxumaqdan, oxutmaqdan ibarətdirsə, vay sənin halına. Üzeyir Hacıbəyovu, Əhməd Cavadı tanımırsansa, Qara Qarayev deyəndə ağlına ancaq “qaqa, hansı Qaranı deyirsən, “Qarabağ”dakını, yoxsa əvvəl “İnter”də oynayanı” sualı gəlirsə, onda “əl-Fatihə”.
Ağzın sulana-sulana qəlyandan çəkib, “ala, bu Mxitaryanın nəyini şişirdirlər e, qərdeş canı, mən ondan yaxşı futbolçuyam, “prosto” day-dayım” yoxdur” deməkdənsə, özünü məşqlərə verməyin də ən vacib şərtlərdən biridir. Məşq ən yaxşı day-daydaydır, bunu unutma, ey Əlməmməd, Gülməmməd! Bu şərtlərə əməl eləsən, Biləcəridən o tərəfə, hələ bəlkə sırat körpüsündən də keçə bilərsən.
Bizi Facebook-da izləyin