Rövnəq Abdullayevin şəxsən cavab verməli olduğu 3 məsələ
…Və Azərbaycan futbolunda Rövnəq Abdullayev dönəmi bitdi.
Milli komandaların uğursuzluqları, Azərbaycan Premyer Liqasında komanda sayının gah artıb, gah azalması, neçə-neçə klubun “ölməsi”, yeni stadionların inşaası və bəzi arenaların boş qalması, AFFA-ya rəhbərlik edənlərin “Qarabağ”ın uğurlarının arxasında gizlənməsi ilə yadda qalan dövr oldu Rövnəq Abdullayevin rəhbərlik dövrü.
AFFA-nın ölkə futboluna verə biləcəyi ən böyük töhfə uşaq futbolunun inkişafı, milli komandaların uğurlu çıxışı ola bilərdi ki, bunların da heç biri olmadı. Uşaq futbolu yenə iflic vəziyyətdədir, Avropada “başıqapazlı” imicindən qurtula bilməyən milli komandaların durumu da göz önündədir.
Bütün bunların əvəzində isə, 2008-ci ildən 2024-cü ilin aprelinə kimi ölkə futbolunda əsas söz sahibi olan Abdullayevin AFFA-dakı komandası Azərbaycanda bir neçə beynəlxalq yarışın keçirilməsinə nail oldu. Bakıda qadın futbolçular arasında dünya çempionatının və ya Avropa çempionatının keçirilməsi Azərbaycan futbolunun inkişaf göstəricisidirmi? Xeyr, xeyr, bir daha xeyr! Bu, Azərbaycan neftinin pullarının göstəricisidir.
Rövnəq Abdullayevli AFFA-nın bir sıra səhvlərinin, uğursuzluqların, yarıtmaz idarəçiliyin fonunda üç məqam hər zaman diqqətimi çəkib. Daha doğrusu, üç məsələyə görə şəxsən Rövnəq Abdullayevin cavab verməli olduğunu düşünmüşəm.
Birincisi, Abdullayev Azərbaycan futboluna yetərincə rəng, dad qatan “Xəzər Lənkəran”ın böyük futbol səhnəsindən silinməsində birbaşa, şəxsən rol oynayıb. O, Lənkəran klubunun sahibi Mübariz Mənsimovla şəxsi ədavətinə görə və ya güc göstərisi savaşında yüz minlərlə azarkeşi olan komandanın dağılmasına göz yumdu, hətta kömək etdi. Bu, futbolda istənilən rəhbər üçün bağışlanmaz səhv, hətta cinayətdir.
Rövnəq Abdullayev Azərbaycan millisinin keçmiş almaniyalı baş məşqçisi Berti Foqtsla 6 ilin hədər getməsinə əngəl olacaq heç bir addım atmadı. İtiirilən təkcə zaman da olmadı, Azərbaycanın, azərbaycanlıların haqqı olan milyonlarla manat pullar havaya sovruldu. Ta o vaxta kimi ki, milli komanda Xorvatiyaya 0:6 hesabı ilə uduzdu, Abdullayev və çevrəsi Foqstdan bir şey çıxmayacağını başa düşdü.
Rövnəq Abdullayevin daha bir bağışlanmaz səhvi Elxan Məmmədovun AFFA-dan, Azərbaycan futbolundan uzaqlaşdırılması üçün heç bir addım atmaması oldu. Mətbuatın daim və haqlı olaraq tənqid etdiyi Məmmədov uzun illər AFFA-da baş katib, vitse-prezident postlarını tutdu, faktiki olaraq ölkə futbolunu idarə etdi. Ölkədə “futbol veteranları” anlayışının yaltaqlıqla assosiasiya olunması Elxan Məmmədovun, dolayısı ilə Rövnəq Abdullayevin xidmətidir. Kimilərini pulla, kimilərini vəzifə ilə satın aldılar, susdurdular…
Açığı, idman mediasındakı əksər həmkarımızdan fərqli olaraq, yeni rəhbərliyin, yeni AFFA prezidenti Rövşən Nəcəfin uğurlu olacağına, Azərbaycan futbolunu bataqlıdan və ya qaranlıqdan aydınlığa çıxaracağına çox da inanmıram. Amma bütün suallara, şübhələrə zaman aydınlıq gətirəcək. Uğurlu iş və nəticə üçün xüsusi istedad, bacarıq da lazım deyil, yetər ki, hər kəs işinə, vəzifəsinə vicdanla, ləyaqətlə yanaşsın. Hə, bir də, “Qarabağ”ın uğurlarının arxasında gizlənməsin. (Turan, “meydan.tv”)
Bizi Facebook-da izləyin