Rövnəq Abdullayevə kələk gəlirlər?
Kürşad
Yerə, göyə, 124 min peyğəmbərə, müsəlmanların, xristianların müqəddəs kitablarına, uca Şirvinin ruhuna and olsun ki, Azərbaycan futboluna rəhbərlik edən, AFFA prezidenti postundakı yerini ən inadkar boksçunun kəmərini qoruduğu kimi, uzun illərdir qoruyan Rövnəq Abdullayevin UEFA Millətlər Liqasının mahiyyətindən, mənasından xəbəri yoxdur.
Rövnəq Abdullayev bilirsə ki, Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsində ikinci yerin sahibi kimi hansı halda pley-offa vəsiqə qazana bilərdi, onda bu sətirlərin müəllifinin heç nədən xəbəri yoxdur (bir şirin təbəssüm).
AFFA İcraiyyə Komitəsinin iclasında Rövnəq Abdullayevi oturdublar başda, sağdan Elşad Nəsirov, soldan da Elmar Məmmədyarov deyib ki, Canni De Byazi ilə millinin baş məşqçisi kimi müqaviləni uzatmaq lazımdır. Elxan Məmmədov isə sözünü Parisdən – lap başdan deyib: De Byazi ilə yeni müqavilə bağlanmalıdır, vəsalam.
Rövnəq Abdullayevi inandırıblar ki, Azərbaycan millisi De Byazinin rəhbərliyi altında inkişaf edir, Millətlər Liqasında da ikinci yeri tutub, maaşını artırmaq, müqaviləsini uzatmaq lazımdır. O da futbolda dünyanın ən saf, ən sadəlövh adamı…
Rövnəq müəllim, yerə, göyə, 124 min peyğəmbərə, müsəlmanların, xristianların müqəddəs kitablarına, uca Şirvinin ruhuna and olsun ki, Azərbaycan millisi Millətlər Liqasında ikinci yeri tutmaqla sizin Xəzər dənizində ucaltdığınız ən kiçik buruğun başına da çıxa bilmədi. Özü də, kifayət qədər zəif qrupdan, özü də, milyonlarla manat məvacib alan baş məşqçi ilə. Birdən sizə kələk gələrlər, xəbəriniz olsun, yoxsa nəyimə lazım.
Bizi Facebook-da izləyin