Rövnəq Abdullayevdən AFFA-nın yeni rəhbərliyinə məsləhət: “Dağıtsınlar!”

AFFA-nın bir müddət əvvəl postundan ayrılan keçmiş prezidenti Rövnəq Abdullayevin Komanda.az saytına müsahibəsi:

– Salam, Rövnəq müəllim. Necəsiz?

– Salam. Əlayam. Əsas odu ki, başım-qulağım dincəlib.

– Nədən?

– Jurnalislərin səs-küyünnən.

– Sizi çox yorurdu jurnalistlər?

– Bə nə? Deyirdilər Almaniya millisi niyə Avropa çempionatının final mərhələsinə çıxıb, biz çıxmırıq. Axırda da bu gürcülər… Gürcülər özlərini dağdan atsalar, biz də atmalıyığ?

– Rövnəq müəllim, üzr istəyirəm, siz yəqin Almaniya yox, Albaniya millisini demək istəyirdiz. Almanlar onsuz da həmişə Avropa çempionatında oynayırlar.

– Əşi, nə fərqi var ee, Həsən keçəl, ya keçəl Həsən.

– Fərqi çoxdur, amma nə isə. Rövnəq müəllim, siz AFFA-ya rəhbərlik etdiyiniz 16 ili uğurlu sayırsız?

– Mən hesab edirəm ki, mənim işimə özüm yox, başqaları düzgünnüklə qiymət verə bilərlər. UEFA-nın prezidenti Canni məllimin mənə göndərdiyi məktubu gördüz? O boyda adam mənim işimə o cür qiymət verirsə, sizin və ya mənim nəsə deməyim artığ olar.

– Canni İnfantinonu deyirsiz?

– Bə nə, saxlayıram məktubunun surətini özümdə.

– Rövnəq müəllim, Canni İnfantino FİFA-nın prezidentidir, UEFA-nın yox.

– Həə?! Həmişə qarışdırıram da bu UEFA-ynan FİFA-nı.

– Anladım… Rövnəq müəllim, sizcə, sizin Azərbaycan futbolu qarşısında ən böyük xidmətiniz nədir?

– Elxan Məmmədov!

– Necə yəni Elxan Məmmədov? AFFA-nın keçmiş baş katibini deyirsiz də yəqin.

– Bəli, bəli. Mən AFFA-ya gələndə o da işə təzə başlamışdı. Belə köntöy çıxmasın, futbola aid hırnan-zırı qanmırdı. İndi baxın, görün hardadı? UEFA-da o boyda vəzifəsi var.

– FİFA-da…

– Həə, olsun FİFA-da. Elxan bizim vaxtımızda yetişdi, getdi qabağa.

– Bu arada, Elxan Məmmədov AFFA-nın sonuncu konfransında sizin qalstukunuzu göstərib, federasiyaya ilk dəfə president seçildiyiniz gün də həmin qalstukda olduğunuzu demişdi…

– Əşi, Elxandı da, ağzına gələni danışır. “Prosto”, mən o rəydə olan qalstukları xoşdayıram.

– Rövnəq müəllim, sonuncu sualımdır: AFFA-nın yeni rəhbərliyinə nə məsləhət görürsüz?

– Dağıtsınnar!

– Kimi?

– Klubları.

– Necə yəni dağıtsınlar?

– Hə da bə. Klubları Bakıdan rayonnara, kənddərə, qəsəbələrə dağıtsınnar, qavalasınnar.

– Başa düşdüm. Təşəkkür edirəm müsahibə üçün.

– Sağ olun. Məni bir də futbolla əlaqədar narahat eləməyin.

Virtual müsahibəni hazırladı: Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button