Ronaldonun komandasında yeni baş məşqçi

“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı Kriştiano Ronaldonun komandada görmək istəmədiyi fransız mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Lakin həm klub, həm də Ronaldo Qarsiya ilə bağlı vida paylaşımında ona xidmətlərinə görə təşəkkür bildirib, uğurlar arzulayıb.

59 yaşlı mütəxəssis 2022-ci ilin yayından “Əl-Nəsr”ə rəhbərlik edirdi. O, bu komandanı 26 oyuna çıxarıb – 18 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət.

“Əl-Nəsr” yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən komandanı bundan sonra Dinko Yeliçiç çalışdıracaq. Xorvatiyadan olan 49 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. O, 2022-ci ilin yayından bu klubun U-19 komandasına rəhbərlik edirdi.

“Əl-Nəsr” ölkə çempionatında 23 turdan sonra 53 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button