Ronaldonu kimlər qoruyur? – FOTOLAR
Kriştiano Ronaldonun cangüdənləri İspaniyanın Menorka adasında qalmaqal yaradıblar.
Komanda.az xəbər verir ki, futbolçu həmin adada istirahət edirmiş. Ronaldo VİP dəhlizdəki metal detektordan keçərkən cihaz siqnal verib. Bu da cangüdənləri özündən çıxardıb. Onlar hədələyici jest göstərərək hiddətləniblər.
Cangüdənlərdən biri Portuqaliyada polis əməkdaşı işlədiyini bildirib və hava limanının işçilərinə “kimə istəyirsiz zəng edin” deyib. Görünür, əlavə yoxlama proseduru ona çox pis təsir edib.
Cangüdənlə aeroport əməkdaşları arasındakı münaqişəni yalnız polis yatırda bilib. Bütün bu müddət ərzində Kriştiano kənarda dayanıb və prosesə heç bir müdaxilə etməyib. Yarım saatdan sonra o, ailəsi ilə birlikdə təyyarəyə minib.
Ronaldonu qoruyanlar kimlərdir? Onlar haqda hansı məlumatlar var? Qalmaqal törədən cangüdəninin adı açıqlanmır. Amma güman ki, o, əkiz qardaşlar – Ramaleyrolardan biridir. Onlar “Mançester Yunayted”ə qayıtdıqdan sonra Ronaldo ilə işləyirlər. Serxio və Xorxe qardaşları Portuqaliyada polis əməkdaşı olublar. Onlar Portuqaliyanın silahlı qüvvələrində də xidmət ediblər və yerli məmurları qoruyublar. Üstəlik, onların Portuqaliyadan kənarda döyüş əməliyyatları təcrübəsi də var: Əfqanıstanda tapşırıqları yerinə yetirən elit bölmədə xidmət ediblər.
Mühafizəçilər daim Ronaldonun yanında olurlar, lakin ictimai yerlərdə onlar gözə çarpmırlar. Qardaşlar olduqca zövqlü geyinir və asanlıqla izdihama qarışırlar. Onlar Ronaldo ilə işlədikləri müddətdə bir neçə maraqlı epizod yaşanıb.
2021-ci ilin noyabr ayının sonunda bir neçə media orqanı istintaq haqqında yazdı: qardaşlar lisenziyasız cangüdənlik xidməti göstərməkdə ittiham olundular. Günahları sübuta yetirilərsə, onları bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyirdi. Düzdür, altı aydan çoxdur ki, bununla bağlı təzə xəbər yoxdur.
İyunun ikinci yarısında mühafizəçilərdən biri Malyorkada Ronaldonun bahalı avtomobilini qəzaya uğratdı. “Daily Mail” yazıb ki, təxminən iki milyon dollarlıq “Bugatti Veyron”un sürücüsü idarəetməni itirərək kərpic divara çırpılıb. Kriştiano o vaxt başqa bir maşınla bir az qabaqda gedirmiş. Hadisə yerinə gələn polis əvvəlcə avtomobili xüsusi üzlüklə örtüb, sonra isə evakuasiya edib. Cangüdənin avtomobilə dəyən zərərə görə Ronaldoya kompensasiya ödəyib-ödəməyəcəyi barədə isə məlumat verilmir.
O qəzadan sonra da Ronaldo qardaşlarla işləməyə davam edirsə, deməli, onlardan razıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin