
Ronaldo ilə Qrinvud yenidən eyni klubda çıxış edə bilər
“Əl-Nəsr”in “Marsel”də çıxış edən Meyson Qrinvudu transfer etmək planı hələlik qeyri-müəyyən vəziyyətdədir. Daha öncə Səudiyyə Ərəbistanı təmsilçisinin 23 yaşlı futbolçuya maraq göstərdiyi bildirilmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” rəhbərliyi ingiltərəli futbolçunu satmaq istəmir.
Bu vəziyyətdə “Əl-Nəsr”in danışıqlarda israr edib-etməyəcəyi və Qrinvudun özü üçün Səudiyyə Ərəbistanına keçidin nə dərəcədə cəlbedici olduğu hələlik məlum deyil. Transfer baş tutacağı təqdirdə, “Mançester Yunayted” satışdan 50 faiz pay alacaq.
Qrinvud və “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo vaxtilə “Mançester Yunayted”də birgə çıxış ediblər və portuqaliyalı oyunçunun bu transferə təsir göstərə biləcəyi deyilir.
Qrinvud son mövsümdə Fransa Liqa 1-də 34 oyuna çıxaraq, 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin