“Romen Bask qayıtmaq istəsə, məmnuniyyətlə onu qəbul edərəm” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun müqəddəratı birinci hissədə, demək olar ki, həll olunmuşdu. Gənc futbolçumuz Ramin Nəsirli bu gün qol vurdu. Amma bir yaxşı oyun və bir qol heç də göstərici deyil. Bəzi oyunçular ilk görüşlərdə ümid verib, sonradan eniş yaşayıblar. Ramin məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Əsas heyətdə yer almağı haqq etmişdi. Bundan sonra daha yaxşı olacaqsa, yenə oynayacaq. Əks təqdirdə, Ramini də sonradan eniş yaşayan oyunçuların aqibəti gözləyə bilər. Ümumiyyətlə, Ramin istedadlı oyunçudur. Onun üzərində işləməli çox şey var. Bu gün də pis deyildi, ümumi komandanın fonunda batmamışdı. Oyunun sonlarında boşluqlar verdik. Bəlkə də, qol buraxmağımıza bu səbəb oldu.

Azər Əliyev bu gün hücumun sağ cinahında oynadı. Özünü orada daha rahat hiss edirdi, nəinki sol cinah. Bütün azadlığı onun və Yusuf Lavalın üzərinə buraxmışdım. Demişdim ki, sizin üçün hansı cinah rahatdı, dəyişə də bilərsiniz. Azər solda da oynaya bilir. Ondagözləntilərimiz var. Çünki keyfiyyətinə inanırıq. O, sıradan biri deyil, komandanın oyununu çiyinlərində daşıya biləcək oyunçulardandır.

Komandanın getdikcə daha yaxşı çıxış edəcəyinə inanıram. Gördüyümüz işə inanırıq. Bəzi məqamları oyunlar getdikcə səhvləri göstərə-göstərə düzəltməyə çalışacağıq. Oyunumuzu daha da yaxşılaşdırmaq, bu tempi qorumaq istəyirik.

Qapıda İvan Brkiçin yox, Kamran İbrahimovun dayanmasına gəlincə, bu gün yerli limiti doldurmalı idik. Bu üzdən Kamran qapıda dayanmalı idi. Aqil Məmmədovun zədələnməsindən sonra Kamrana da güvənirik, oyunlara buraxırıq. Belə hallar bundan sonrakı görüşlərdə də ola bilər. Onu da daim hazır vəziyyətdə saxlayırıq ki, ən azı 2-3 oyundan bir meydana buraxaq. Rəqibə, situasiyaya, həftə ərzində baş verəcək proseslərə görə qərar verəcəyik. U-19 komandamızın qapıçısı Rza Cəfərova da güvənirik. Ona da gələcəkdə etimad göstərə bilərik. 3-4 yaxşı qapıçımızın olması pis deyil”.

“Neftçi” növbəti turda “Sabah”ın qonağı olacaq. Samir Abasov ölkə kubokunun 1/4 final mərhələsinin məhz bu rəqiblə cavab görüşündə yaşanan gərginliyin çempionat matçına sirayət etməməsinə çalışacaqlarını deyib: “Meydandan kənar yaşanan gərginliyin komandamıza hopmamasına çalışacağıq. Bundan uzaq olmağa çalışacağıq. Hesab neçə olur-olsun, işimizə köklənəcəyik. Həmin hadisələrin üstündə durmaq istəmirik. Digər oyunlara necə hazırlaşmışıqsa, bu matça da eyni qaydada köklənəcəyik”.

Abasov qış fasiləsində komandadan ayrılan Romen Baskın “başqa baş məşqçinin rəhbərliyi altında “Neftçi”də yenidən oynaya bilərəm” fikrinə də cavab verib: “Romen Bask qayıtmaq istəsə, böyük məmnuniyyətlə onu qəbul edərəm. Çox bəyəndiyim, xoşladığım oyunçudur. Bir neçə mövqeyi layiqincə bağlayan, orada oynamağı bacaran futbolçudur. O ki qaldı mənim barəmdə dediyi fikirlərə, hamı səni tərifləməli deyil. Onun öz fikirləri var. Baskın vaxtında orta sahədə Mamadu Kane, Sabir Buqrin, Emin Mahmudov var idi. Onu gətirəndə bilirdik ki, Kane qışda və ya yayda gedəcək. Baskı buna görə hazırlayırdıq. Tələskənliyi də normaldır, oynamaq istəyir. “Havr”ın kapitanı idi, mütəmadi oynamaq istəyirdi. Ancaq Azərbaycan çempionatının ən yaxşı orta sahə oyunçuları olan komandaya gəlmişdi. Biz də dəyişmək istəmirdik. Onun maliyyəsi və digər məsələlər imkan verərsə, yayda məmnuniyyətlə gəlişinə razı olaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button