“Roma”nın AÇ-də sıradan çıxan futbolçusu əməliyyat olundu
Avropa çempionatının 1/4 finalında Belçika ilə oyunda zədələnən İtaliya millisinin müdafiəçisi Leonardo Spinatsola əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Roma” klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun Finlandiyada uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Leonun sağalma müddəti ilə bağlı qarşıdakı həftələrdə daha dəqiq məlumat veriləcəyi bildirilib.
28 yaşlı futbolçu özü də əməliyyatdan sonra çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşaraq bunları qeyd edib: “Əməliyyat mükəmməl keçdi. Mənə göstədiyiniz diqqət və qayğıya görə hər birinizə təşəkkürümü bildirirəm. Artıq gerisayım başladı. Tezliklə görüşmək ümidilə”.
Xatırladaq ki, Spinatsola Belçika ilə oyunun 80-ci dəqiqəsində zədələnərək meydanı xərəkdə və göz yaşları içində tərk etmişdi. Onun təxminən 4-6 ay müddətinə futbol oynaya bilməcəyi iddia olunur.
Bizi Facebook-da izləyin